XƏBƏRLƏR / İctimaiyyət

Bakıda 4 nəfər hoteldə zəhərləndi, 2-si öldü

Baş Prokurorluq xəbər verir

Bakıda 4 nəfər hoteldə zəhərləndi, 2-si öldü
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bakının Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar müvafiq qaydada araşdırılıb.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

    Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb:"Bununla bağlı bildirik ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir".

    ***

    15:26

    Mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

    Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

    Dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verib.

    Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıb və vəziyyətləri ağırlaşıb.

    Bildirilir ki, zəhərlənməyə viskinin səbəb olması ehtimal edilir. 

    Saat 04:50 radələrində isə təcili tibbi yardıma müraciət edilib.

    TƏBİB-dən bildirilib ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etməsi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıb.

    Hazırda araşdırmalar davam etdirilir.