XƏBƏRLƏR / Hərbi

Bakıda “ADEX-2024” və “Securex Caspian” sərgiləri davam edir

Builki sərgilər iştirakçıların ümumi sayının 34 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib

Bakıda “ADEX-2024” və “Securex Caspian” sərgiləri davam edir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi davam edir.

    Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə keçirilən genişmiqyaslı tədbir regionun ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.

    Sərgilərdə 40 ölkədən 218-dək şirkət iştirak edir. İştirakçı ölkələr Azərbaycanla yanaşı, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçı ölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci illə müqayisədə sərgilərin yeni iştirakçılarıdır.

    “ADEX” sərgisi ilə paralel olaraq təşkil edilən “Securex Caspian” sərgisində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modelləri nümayiş etdirilir.

    “Securex Caspian” sərgisinə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və ilk dəfə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən dəstək göstərilir. 2024-cü ildə ilk dəfə olaraq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti “Securex Caspian” sərgisində stendlə iştirak edir.