XƏBƏRLƏR / Parlament

Bakıda Asiya Parlament Assambleyasının sessiyası keçirilir

Azərbaycanın sədrlik etdiyi tədbirdə 280 nəfərə yaxın deputat 35 nümayəndə heyətini təmsil edir YENİLƏNİR

Bakıda Asiya Parlament Assambleyasının sessiyası keçirilir
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 11:50

    Asiya Parlament Assambleyası (APA) region dövlətlərinin maraqlarına xidmət edən bir platforma kimi mühüm rol oynayır. Asiya qitəsində parlamentlərarası koordinasiya və əməkdaşlığın gücləndirilməsi icraedici orqanlar arasında daha möhkəm əlaqələrin qurulmasına töhfə verir. Eyni zamanda, təşkilatın beynəlxalq nüfuzunun artması Asiya xalqlarının vahid mövqeyinin formalaşmasına və onların səsinin beynəlxalq arenada daha yüksək səviyyədə eşidilməsinə xidmət edir.

    Bu sözləri Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.

    O, Azərbaycan Respublikasına, onun siyasi rəhbərliyinə və qardaş xalqına Bəhreyn Krallığının ali hökmdarı, Əlahəzrət Kral Həməd bin İsa Əl Xəlifə və Vəliəhd Şahzadə, Baş Nazir Salman bin Həməd Əl Xəlifənin salamlarını çatdıraraq, Asiya xalqları arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün göstərdikləri səyləri vurğulayıb. O, müasir dünyada çoxqütblü yanaşmaların, ədalətli maraqlar balansının və xalqların suveren hüquqlarına hörmətin zəruriliyini qeyd edib: “Hegemon qüvvələrin müdaxilələrinin qarşısının alınması vacib amildir. Asiya Parlament Assambleyası diplomatiya, iqtisadi və sosial sahələrdə müsbət dialoqu təşviq edən bir qurumdur, bu istiqamətdə mühüm rol oynayır”.

    Asiya qitəsinin qlobal miqyasda iqtisadi və strateji əhəmiyyətinə toxunan Əli Saleh Abdulla Əlsaleh regionun zəngin təbii sərvətlərə, neft və qaz ehtiyatlarına malik olduğunu və eyni zamanda, bəşəriyyətin tarixi və mədəni irsinin beşiyi kimi tanındığını bildirib. O, Asiyanın turizm, mədəni irs və sosial inkişaf baxımından böyük potensiala malik olduğunu qeyd edib, regionun sabit tərəqqiyə və iqtisadi yüksəlişə yönələn siyasət yürütməsinin vacibliyini vurğulayıb.

    Bəhreyn Krallığının Asiya Parlament Assambleyasının fəaliyyətinə verdiyi töhfələrdən danışan Şura sədri ölkəsinin bu təşkilatın işində fəal iştirak etdiyini və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsinə sadiq qaldığını bildirib. O, Bəhreyn Krallığının Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini irəli sürdüyünü elan edərək, təşkilatın üzvlərinin etimadını və dəstəyini qazanmağa ümidvar olduğunu bildirib.

    Əli Saleh Abdulla Əlsaleh Asiya Parlament Assambleyasının gələcək inkişafı üçün səylərin artırılacağını, əvvəlki sədrlərin nailiyyətlərinin davam etdirilərək qurumun mövqeyinin daha da möhkəmləndiriləcəyini bəyan edib.

    ***

    11:11

    Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyi üzərinə götürməklə güclü əməkdaşlıq nümunəsi nümayiş etdirdi. Assambleya qarşıda duran proqramları Azərbaycanın sədrliyi ilə tam yerinə yetirib.

    Bunu Asiya Parlament Assambleyasının (APA) Baş katibi Mohammad Reza Majidi Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı deyib.

    "Bu dünyada millətlər, dövlətlər müxtəlif çağırışlarla üzləşir. Parlament diplomatiyası daha da gücləndirilməlidir ki, beynəlxalq sülhün və təhlükəsizliyin dağılmasının qarşısını ala bilək. Bu gün parlament üzvləri kimi əlimizdən gələni etməliyik", - deyə Baş katib qeyd edib.

    ***

    11:02

    Bir il əvvəl Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına (APA) sədrliyi qəbul edib. Biz bu məsuliyyətli və şərəfli vəzifəni layiqincə yerinə yetirmək üçün bir sıra prioritet istiqamətlər müəyyənləşdirmişik. Bunlara APA-nın institusional potensialının inkişafı, üzv ölkələrin sırasının genişləndirilməsi, mövcud qurumların aktivləşdirilməsi və onların səmərəliliyinin artırılması daxildir.

    Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı deyib.

    O, İdarə Heyətinin dünən keçirilən iclasında iki müraciətin müzakirə olunduğunu bildirərək qeyd edib: “Bunlardan biri Oman Sultanlığının Asiya Parlament Assambleyasına tamhüquqlu üzv statusuna qəbul edilməsi ilə bağlı müraciəti, digəri isə Belarusun müşahidəçi statusunda qatılması üçün müraciəti idi. Biz Asiya Parlament Assambleyasının büdcəsinin formalaşdırılmasıyla əlaqədar qərarla bağlı da konsensus əldə etməyə yaxınıq”.

    Parlament sədri bildirib ki, beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşu Ermənistanın işğalı altında olan Azərbaycan, beynəlxalq hüququn bütün norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara baxmayaraq, dəstək görməyib. Bu, bugünkü beynəlxalq sistemin səmərəsizliyinin əsas səbəblərindən birinə çevrilib.

    “Ölkəmiz bütün bu norma, prinsip və qətnamələri təkbaşına yerinə yetirərək öz ərazilərini azad edib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Beləliklə, biz bu məsələnin aktuallığını yaxşı bilirik və onun mahiyyətini dərindən anlayırıq”, - deyə Sahibə Qafarova əlavə edib.

    ***

    09:59

    Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası öz işinə başlayır.

    35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

    APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.

    Qeyd edək ki, artıq İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Özbəkistan Respublikası Ali Məclis Senatının sədri Tənzilə Narbayeva, Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lunqten Dorci, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani və Tacikistan Respublikası Ali Məclis Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.

    Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında görüşlər keçirilib. Spikerin həmçinin tədbirdə iştirak edən digər parlament sədrləri ilə görüşləri nəzərdə tutulub.