Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu başlayıb
Forumda Slovakiyanı iqtisadiyyat naziri Denisa Sakova təmsil edir
Bu gün Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu başlayıb.
Forumda Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirləri Mikayıl Cabbarov və Denisa Sakova iştirak edirlər.
Azərbaycan İnvestisiya Şirkəti və Slovakiya İxrac və İdxal Bankı (EXIMBANKA), həmçinin Slovakiyanın "SEAK Energetics" şirkəti və "ITECH GROUP" MMC arasında əməkdaşlıq memorandumları imzalanıb.
İmzalanma Azərbaycan-Slovakiya biznes forumu çərçivəsində baş tutub.
"Ötən illər ərzində Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərmişik. Bizim hüquqi bazamız genişlənib, ölkələrimiz arasında 11 sənəd imzalanıb". Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov mayın 7-də Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.
Nazir qeyd edib k, 2021-ci ilin oktyabrında ölkələrimiz arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu saziş iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.
“Bundan əlavə, 2023-cü ildə biz ikiqat vergitutmanın qarşısının alınmasına dair saziş imzaladıq və bu sazişin 2025-ci il yanvarın 1-də qüvvəyə minməsi gözlənilir. Bu, ölkələrimiz arasında biznes mühitini daha da yaxşılaşdıracaq. Hazırda biz Azərbaycan Respublikası ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni də nəzərdən keçiririk”, - deyə M.Cabbarov diqqətə çatdırıb.