BLOQ

Bakıda demarş çalarlı Fransa bayramı

"Turan" İnformasiya Agentliyinin şərhi

Bakıda demarş çalarlı Fransa bayramı
  • Oxuma müddəti:

    3 dəqiqə

  • İyulun 14-də Fransanın Azərbaycandakı Səfirliyi bu ölkənin milli bayramı - Bastiliyanın Alınması Günü ilə əlaqədar qəbul təşkil edib. 

    Diplomatik ənənəyə uyğun olaraq, bu cür qəbullarda xarici dövlətin səfiri salamlama nitqi ilə və Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndəsi isə təbrik nitqi ilə çıxış edir. 

    Amma bu dəfə Azərbaycan tərəfdən çıxış edən olmayıb.

    Görünür, bu, Fransa siyasi elitasının Ermənistan və Azərbaycan arasında hələ də nizamlanmamış münaqişədə açıq-aşkar erməniyönlü mövqeyi ilə əlaqədar ikitərəfli münasibətlərdə yaşanan mürəkkəb dövrlə bağlıdır. 

    Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni icması ilə görüşdə "Fransanın Arsax məsələsində qətiyyətini" bildirməsi Bakıda xüsusilə qəzəbə səbəb olub. 

    "Mən (Azərbaycan Prezidenti İlham) Əliyevə (Ermənistan baş naziri Nikol) Paşinyanın özündən daha çox təzyiq göstərmişəm və göstərəcəyəm. Mən Arsax məsələsi ilə bağlı dəqiq mövqeyi və mesajı olan yeganə insanam. Mənim Arsax və bütünlükdə Ermənistanla bağlı qətiyyətimdən şübhəniz olmasın. Beynəlxalq ailədə bu gündəliklə, demək olar ki, yeganə şəxs olsam belə, öz səylərimi davam etdirəcəyəm", deyən Fransa prezidenti bununla diplomatik qalmaqala səbəb olub.

    Azərbaycan diplomatik kanallarla öz etirazını bildirib, Fransa tərəfi isə publik səviyyədə hələ də açıqlama verməyib.

    Odur ki, Fransa Səfirliyinin qəbulunda Azərbaycan hökumətinin nümayəndələrinin iştirak etməməsi Bakının demarşı kimi qiymətləndirilə bilər.

    Bununla belə, tədbirdə Milli Məclisin bir neçə deputatı görünüb, həmçinin Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tədbirdə iştirak edib.

    Fransanın Azərbaycandakı səfiri Ann Bayon (Anne Buillon) "iki ölkə arasında iqtisadi, akademik və elmi, mədəniyyət və təhsil sahələrində uzun illər möhkəm əlaqələri yaşadan və inkişaf etdirən Azərbaycan tərəfdaşlarını" salamlayıb və onlara təşəkkür edib.

    Səfir çıxışında bu ilin aprel ayında Fransanın xarici işlər nazirinin Bakıya səfərini xatırladaraq, bu səfərin "ikitərəfli münasibətləri inkişaf etdirmək üçün ümumi istəyin təsdiqi və Fransanın regionda ədalətli və davamlı sülhə sadiqliyini bir daha  xatırlatmaq" üçün bir fürsət olduğunu bildirib.

    "Brüsseldə danışıqların növbəti sessiyası keçiriləcəyi bir vaxtda, Avropa Şurası sədrinin səylərinə dəstəyimizi bir daha bildirir və müzakirələrin məhsuldar olmasını arzulayıram", deyə o qeyd edib.

    Daha sonra tədbirdə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya oyunları haqqında video təqdim olunub.

    Qeyd edək ki, siyasi münasibətlərdə gərginlik fonunda iqtisadi əməkdaşlıq fəal şəkildə inkişaf etməyə davam edir.

    Bu həftə Fransanın "TotalEnergies" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) birlikdə böyük "Abşeron" qaz-kondensat yatağının işlənməsinin ilk mərhələsi çərçivəsində qaz hasilatına başlandığını açıqlayıb.

    2023-cü ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsi 290 mln. dollardan çox olub və bu göstəriciyə görə Fransa Azərbaycanın əsas ticari tərəfdaşları arasındadır. Bu zaman Fransa idxalı 220 mln. dollardan çox, Azərbaycanın idxalı isə 70 mln. dollar təşkil edib.