Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü
Forumda 100-dən çox ölkə təmsil edilir
Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.
Forumun ikinci günündə 8 panel, 1 plenar sessiya və parlamentlərarası konfrans keçirilməsi nəzərdə tutulub.
Həmçinin, bu gün forumun bağlanış mərasimi baş tutacaq.
Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Qeyd edək ki, “Turizm Araşdırmaları Salnaməsi”nin təsisçi-redaktoru Cəfər Cəfərinin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edir.
Panel sessiyada Sarayevo Şəhər Şurasının sədri Yasmin Ademoviç, “Songa Africa”nın təsisçisi Roset Şantal Ruqamba, “Get up and go Colombia”nın həmtəsisçisi və direktoru Migel Karvaxal, turizm sektorunda gənclər və istedadların inkişafı üzrə ekspert Lusi Qarner, Dünya Turizm Etikası Komitəsinin sədrinin icraçısı Daniela Otero məruzələrlə çıxış edəcəklər.