Bakıdakı silahlı insidentlə bağlı saxlanılanlar var
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı birgə məlumatda bildirilib ki, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində baş vermiş silahlı insident zamanı Həşimov Rüfət Sahib oğlunun qəsdən öldürülməsi və Şaydayev Samir Ruslan oğlunun sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi barədə daxil olmuş məlumatla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.