Bakının işğaldan azad edilməsindən 108 il ötür
Bu hadisə Azərbaycan Xalq Cümhuriyyətinə dövlət quruculuğu prosesinə başlamaq imkanı yaradıb
Sentyabrın 15-i Azərbaycan xalqı üçün mühüm tarixi hadisədir. 108 il əvvəl sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad edib və bu hadisə Azərbaycan Xalq Cümhuriyyətinə dövlət quruculuğu prosesinə başlamaq imkanı yaradıb. Həmin hadisədən üç il əvvəl isə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşlarının köməyinə çatmış, o torpaqda şəhadətə qovuşmuşdular.
Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Rusiya hərbçiləri silahlarını həmin vaxta qədər Anadoluda, Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində qırğınlar törədən erməni bandalarına vermişdilər. O zaman daşnak-bolşevik ünsürlərdən təşkil edilmiş Bakı Soveti türk-müsəlman əhaliyə divan tuturdu. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilmiş soyqırımının qarşısını nə Trans-Qafqaz Komissarlığı, nə də Trans-Qafqaz Seymi ala bilmədi.
Dünyanı bölüşdürmək istəyən Rusiya, İngiltərə, Almaniya kimi dövlətlərin Cənubi Qafqaz, xüsusən neft Bakısı ilə bağlı planları bölgədə vəziyyəti daha da mürəkkəbləşdirirdi.
Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə 1918-ci il iyunun 4-də imzalanmış müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürdü. Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərdi. Beləliklə, Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla Qafqaz İslam Ordusu yaradıldı. 1918-ci il mayın 9-da Təbrizə, on bir gün sonra isə Araz çayına çatan Nuru paşa mayın 25-də Gəncəyə gəldi. Qafqaz İslam Ordusunun görəcəyi ilk işlərdən biri Gəncədə mövcud təhlükəni aradan qaldırmaq, düşmənləri tərk-silah etmək və yerli əhalinin təhlükəsizliyini qorumaqdan ibarət idi. Bu ordunun döyüş yolu Qaraməryəm, Kürdəmir, Ağsu, Göyçay, Salyan və Şamaxıdan keçdi.
Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə bolşevik Rusiyası Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakının azad edilməsi uğrunda Osmanlı və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular. Şəhər sentyabrın 15-də azad edildi. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini möhkəmləndirmək imkanı qazandı.
3 dəqiqə