Separatçı rejimin Təhlükəsizlik Şurasının "keçmiş katibi" Vitali Balasanyan həbs edilib.
Bu barədə Ermənistanın "Hayeli" nəşri məlumat yayıb.
Bildirilir ki, onun Əsgəranda yerləşən evində 40 dəqiqə axtarış aparılıb. Daha sonra Balasanyan və oğlu saxlanılıb.
Balasanyanın vəkili deyib ki, o, “hakimiyyət nümayəndəsini” zorakılıqla hədələdiyi üçün saxlanılıb və bədəninə çoxlu xəsarət yetirilib.
“Balasanyan “xidmət orqanının nümayəndəsinə” və ya onun yaxın qohumuna “xidməti vəzifələrinin icrası” zamanı zor tətbiq etmə hədəsi ilə ittiham olunur. Saxlanıldıqdan sonra ona bədən xəsarətləri yetirilib. Balasanyanla birlikdə onun oğlu, əmisi oğlu və qardaşı oğlu da saxlanılıb”, - o bildirib.
Qeyd edək ki, həbsdən əvvəl qondarma rejimin “milli təhlükəsizlik xidmətinin” əməkdaşları Balasanyanın mənzilində 40 dəqiqə axtarış aparıblar. Onun oğlu isə 2021-ci ildə arıxanalar almaq üçün 74,5 milyon dram (187 min dollar) “dövlət krediti” almaqda, lakin şərtləri yerinə yetirməyərək “dövlətə” ziyan vurmaqda ittiham olunur.
Ermənistan baş prokurorluğunun yaydığı məlumata görə, korrupsiya, əmlak, iqtisadi fəaliyyət və dövlət qulluğuna qarşı cinayətlərlə mübarizə şöbəsində kəndlərə və kənd təsərrüfatına dəstək fondundan təqdim edilmiş hesabat müzakirə edilib və həmin hesabatda müəyyən edilib ki, 2021-ci ildə Əsgəran sakininə arı ailələri almaq məqsədilə külli miqdarda kredit verilmiş, lakin borcalan krediti müvafiq yönə xərcləməmiş, nəticədə “dövlət”ə böyük ziyan dəyib.