Banqkok-Helsinki sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu xəbər verib

Finlandiyanın "Finnair" aviaşirkətinə məxsus Banqkok–Helsinki marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Buna səbəb – sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə olub.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, Airbus A350 tipli təyyarə yerli vaxtla saat 12:06-da Bakı hava limanına uğurla eniş edib. Hava gəmisinə dərhal tibbi xidmət əməkdaşları yönləndirilib. Sərnişinə yerində ilkin tibbi yardım göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra, o təxirə salınmadan paytaxtın tibb müəssisələrindən birinə təxliyə olunub.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini prioritet sayaraq, bu kimi fövqəladə hallara cavab vermək üçün daim yüksək hazırlıq vəziyyətindədir. Hava limanında mütəmadi olaraq əməliyyat təlimləri və təhlükəsizlik ssenariləri üzrə simulyasiyalar həyata keçirilir.