Baş Qərargah rəisi bir neçə döyüş mövqeyində olub
Bu barədə Müdafiə Nazirliyindən bildirilib
26 İyun - Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Quru Qoşunları komandanlığında və Qarabağ iqtisadi rayonunda yerləşən hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə general-polkovnik K.Vəliyev Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində idarə heyəti ilə xidməti müşavirə keçirib, əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib.
Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqi ilə bağlı müvafiq göstərişlər verib.
General-polkovnik K.Vəliyev şəxsi heyəti bayramlar münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Kəlbəcər, Laçın və Ağdamda yerləşən hərbi hissələrdə və bir neçə döyüş mövqeyində olan Baş Qərargah rəisi hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb və bayramlar münasibətilə müdafiə nazirinin təbriklərini çatdırıb. Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması, həmçinin istənilən təxribatın qarşısının qətiyyətlə alınması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonda qurbanlar kəsilib, şəxsi heyətlə birlikdə nahar edilib.