Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər edib
Üç günlük səfər vaxtı nazir Araz dəhlizindəki işlərlə tanış olacaq

Bu gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və onu müşayiət edən nümayəndə heyəti Tehranın Mehrabad hava limanında rəsmi olaraq qarşılanıb.
Qonaqları İranın Yol və Şəhərsalma nazirinin müavini, eyni zamanda Nəqliyyat İnfrastrukturunun İnşaatı və İnkişafı Şirkətinin direktoru Huşəng Bazvəndin qarşıladığı bildirilib.
Səfər çərçivəsində Şahin Mustafayev İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının növbəti iclasında iştirak edəcək. O, habelə, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və digər yüksək vəzifəli rəsmilərlə ikitərəfli görüşlər keçirəcək.
Üç günlük səfər proqramına Culfa-Kəlalə dəmir yolu xətti, Kəlalə-Ağbənd körpüsü və Şəhid Rəcayi limanına texniki baxış da daxildir. (İran Yol və Şəhərsalma Nazirliyinin internet saytı)