XƏBƏRLƏR / Siyasət

Bayden administrasiyasından Türkiyəyə F-16 satışına dəstək

ABŞ Dövlət Departamentindən verilən açıqlamada Türkiyənin F-16 donanmasının modernləşdirilməsinə verdiyi dəstək bir daha vurğulanıb

Bayden administrasiyasından Türkiyəyə F-16 satışına dəstək
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Vedant Patel "Prezident Bayden və nazir Blinken Türkiyənin F-16 donanmasının modernləşdirilməsinə dəstəyimizi açıq şəkildə ifadə etdilər və bunu NATO-nun qarşılıqlı fəaliyyətinə əhəmiyyətli bir investisiya olaraq görürük" deyib. Bu məlumatı TRT Haber yayıb.

    "Lakin biz etiraf edirik ki, ABŞ Konqresinin silah satışına yenidən baxılmasında mühüm rolu var", - sözçünün müavini deyib.

    Vedant Patel Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO üzvlüyünə qəbulu ilə bağlı qanun layihəsini təsdiq etməsindən "məmnun olduqlarını" və Ankaranın sözügedən prosesin təsdiq sənədini mümkün qədər tez paytaxt Vaşinqtona göndərməsini "səbirsizliklə" gözlədiklərini ifadə edib.

    Türkiyənin önəmli bir NATO müttəfiqi olduğunu ifadə edən Patel "Türkiyənin də NATO ittifaqını kritik gördüyünə inanırıq. O, təkcə ittifaq üçün deyil, onun xaricində də regionda inanılmaz bir təhlükəsizlik tərəfdaşına çevrilib" deyib.

    Vedant Patel ABŞ Dövlət katibi Antoni Blinkenin türkiyəli həmkarı Hakan Fidan ilə “müntəzəm görüşlər keçirdiyini” xatırladıb və bundan sonrabəzi əsas sahələrdə Türkiyə ilə birgə işləməyi səbirsizliklə gözlədiklərini qeyd edib.

    Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi F-16-ların Türkiyəyə satışı ilə bağlı mövcud vəziyyəti dəyərləndirib. O, bildirib ki, “Prezident Bayden bu gün Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr komitələrinin sədrləri və üzvlərinə müraciət edərək, Türkiyə Parlamentinin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları təsdiq etməsini alqışlayıb və administrasiyasının bu barədə Türkiyəni tezliklə məlumatlandıracağını bildirib. "(Türkiyədə) proses tamamlandı. 16-ların satışı ilə bağlı Konqresə rəsmi bildiriş vermək niyyəti ifadə edilən məktub göndərilib". 

    ABŞ rəsmisi “Prezident Konqresi F-16-ların satışını gecikdirmədən prosesi irəlilətməyə təşviq etdi” deyə dəyərləndirib.

    İsveçin Türkiyə Böyük Millət Məclisində (TBMM) NATO üzvlüyü ilə bağlı protokolların təsdiqindən sonra Vaşinqton administrasiyasının yaxın vaxtlarda Türkiyəyə F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildiriş göndərəcəyi gözlənilir.