Bayrağımızı təhqir edən ermənilər Laçında saxlanıldı
2 il əvvəl Azərbaycan bayrağını təhqir edən erməni futbolçular “Laçın” DSKM-də saxlanılıb VİDEO
2021-ci ilin dekabr ayında Azərbaycan bayrağını təhqir edən erməni futbolçulardan 3-ü “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
2021-ci ildə Azərbaycan bayrağını təhqir edənlər sərhədçilər tərəfindən müvafiq yoxalamalar zamanı saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Onların Qarabağdan Ermənistana getmək istədiyi bildirilir.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında sosial şəbəkələrdə, KİV-də erməni futbolçularının futbol matçı zamanı Azərbaycan Dövlət bayrağı üzərində təhqiredici hərəkətlər etmələri barədə videogörüntülər yayılmışdı.
O zaman Azərbaycan Baş Prokurorluğunun bununla bağlı yaydığı açıqlamada Ermənistanın hərbi-siyası rəhbərliyi özünün təcavüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribat yönümlü hərəkətləri davam etdirdiyi vurğulanmışdı.
Həmin faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Qeyd olunmuşdu ki, iş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək.