Bayram günlərində Bakıda yağış, rayonlara qar yağacaq
Milli Hidrometeorologiya Xidməti xəbər verir
Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, aprelin 10-u gündüz və 11-i gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
“Cənub-şərq küləyi aprelin 10-u axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Aprelin 11-i gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6 -11, gündüz 13 -18 dərəcə isti olacaq”.
Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin aprelin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i günün ikinci yarısınadək arabir yağıntılı olacaq.
“Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Aprelin 11-i axşam yağıntılar tədricən kəsiləcək, 12-si əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 13-18, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq”, - deyə G.Məmmədova qeyd edib.