XƏBƏRLƏR / Hökumət

Belarusun Baş naziri Əli Əsədovla geniş tərkibdə görüşdü

YENİLƏNİR / FOTO

Belarusun Baş naziri Əli Əsədovla geniş tərkibdə görüşdü
Aleksandr Turçin
  • Oxuma müddəti:

    9 dəqiqə

  • 15:49

    Mayın 5-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında geniştərkibli görüş çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə Belarus Respublikasının “Milli Elektron Xidmətlər Mərkəzi” Respublika Unitar Müəssisəsi arasında anlaşma Memorandumu imzalanıb.

    Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç imzalayıblar.

    Görüş zamanı, həmçinin Azərbaycan Respublikası və Belarus Respublikasının müvafiq nazirlikləri arasında anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2025-2026-cı illər üçün Tədbirlər Planı imzalanıb. Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Belarus Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Tatyana Astreyko imzalayıblar.

    ***

    15:20

    Mayın 5-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında geniştərkibli görüş çərçivəsində traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb.

    Gəncə Avtomobil Zavodu və Minsk Traktor Zavodu arasında traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandumu Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və Minsk Traktor Zavodunun baş direktoru Sergey Avramenko imzalayıblar.

    Bununla yanaşı, Gəncə Avtomobil Zavodu və Minsk Avtomobil Zavodu arasında kommunal maşınların komplektlərinin tədarükünə dair Müqavilə imzalanıb. Sənədi Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və Minsk Avtomobil Zavodunun baş direktoru Valeri İvankoviç imzalayıblar.

    ***

    14:58

    Mayın 5-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında geniştərkibli görüş keçirilib.

    Görüşdə Əli Əsədov Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə A.Turçini təbrik edib, rəhbərlik etdiyi hökumətə uğurlar arzulayıb.

    Əvvəlcə hökumət başçıları təkbətək söhbət əsnasında Azərbaycan-Belarus iqtisadi-ticarət əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.

    Sonra Baş nazirlər danışıqları iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdiriblər.

    Görüşdə tərəflər Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluqlarını bildirib, iki ölkənin prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar.

    İqtisadi-ticari əməkdaşlıq Azərbaycan-Belarus münasibətlərinin prioritet sahəsi kimi qiymətləndirilib. Ötən ilin yekunları üzrə qarşılıqlı ticarətin həcmində nəzərəçarpacaq artımın müşahidə olunduğunu vurğulayan tərəflər əmtəə dövriyyəsinin artması tendensiyasının dəstəklənəcəyinə əminliklərini ifadə ediblər.

    Qarşılıqlı ticarətin şaxələndirilməsinə, investisiya əməkdaşlığının artırılmasına xüsusi diqqət yetirildiyi diqqətə çatdırılıb. Hökumətlərarası Komissiyanın həmsədrlərinə bu məsələyə xüsusi diqqət yetirmək tapşırılıb.

    Bildirilib ki, səfər çərçivəsində təşkil olunan birgə biznes-forum da bu məqsədlərə xidmət edəcək. Forum çərçivəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrə dair bir sıra sazişlərin imzalanması gözlənilir.

    İki ölkə prezidentlərinin razılaşmaları və tapşırıqlarının icrası xüsusi vurğulanıb. Xüsusilə də məntiqi olaraq başa çatdırılan bir sıra layihələrin uğurla inkişaf etdirilməsindən məmnunluq bildirilib.

    Sənaye kooperasiyası sahəsində səmərəli əməkdaşlığı qeyd edən tərəflər Gəncə avtomobil zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasında həm kənd təsərrüfatı, həm də kommunal avadanlıqların yığılması üzrə işlərin davam etdirilməsi və genişləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetiriblər.

    Tərəflər ötən ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün Gəncə avtomobil zavodunda yanğınsöndürmə avadanlığının birgə yığılması üzrə məhsuldar əməkdaşlığı yüksək qiymətləndiriblər.

    Belarusun Baş nazirinin səfər zamanı tanış olması nəzərdə tutulan Azərbaycanda birgə lift yığma zavodunun yaradılması layihəsinin uğurla reallaşdırıldığı vurğulanıb.

    Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edərək, aqrar məhsulların tədarükünün şaxələndirilməsinə və hər iki tərəfdən artırılmasına qarşılıqlı surətdə hazır olduqlarını bildiriblər.

    Bununla bağlı Minskdəki Azərbaycan Ticarət Evinin ölkəmizin məhsullarının Belarus bazarına ixracının genişləndirilməsində rolu qeyd olunub.

    Sosial sahədə, o cümlədən dövlət xidmətlərinin göstərilməsi istiqamətində əməkdaşlığın inkişafı perspektivli sahə kimi qeyd edilib və görüşün yekunlarına dair bu istiqamətdə ikitərəfli sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.

    Tərəflər dərman və baytarlıq preparatlarının istehsalı sahəsində uğurlu qarşılıqlı fəaliyyəti alqışlayıblar.

    Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Hökumət başçıları qarşılıqlı ənənəvi Mədəniyyət günlərinin keçirilməsinin bərpa edilməsini, elmi, tələbə və gənclər mübadiləsini, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini yüksək qiymətləndiriblər.

    Elmi-texniki təcrübə mübadiləsi yolu ilə texniki peşə təhsili sahəsində əməkdaşlığın inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyi qeyd edilib.

    Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflərin dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində gələcək birgə işə hazır olduqları təsdiqlənib.

    Danışıqların yekunları olaraq sosial müdafiə, baytarlıq və sənaye kooperasiyası sahələrində bir sıra sənədlər imzalanıb.

    ***

    13:25

    Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş keçirilir.

    Bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat verib.

    ***

    12:32


    Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

    ***

    09:20

    Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə yola düşüb.

    Bu barədə "BELTA" xəbər yayıb.

    Belarusun Baş naziri Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, ikitərəfli münasibətlər müzakirə olunacaq. Eyni zamanda o, azərbaycanlı həmkarı Baş nazir Əli Əsədovla məhdud və geniş tərkibli görüşlər keçirəcək.

    Səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması gözlənilir.

    Belarusun Baş naziri ümummilli lider Heydər Əliyevin məzarı və 8 Noyabr Qələbə abidəsini ziyarət edəcək.

    Aleksandr Turçin Əli Əsədovla birlikdə Füzuli şəhərində dağıdılmış və bərpa edilmiş obyektlərə baxış keçirmək, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Bərpa, Tikinti və İdarəetmə Xidmətinə MAZ-5907S2-012 markalı bələdiyyə avtomobilinin hədiyyə ediləcəyi Ağdam Sənaye Parkına baş çəkmək planlaşdırılır. Belarus və Azərbaycan hökumət başçıları Qızıl Kəngərli kəndi ərazisində gələcək aqroşəhərin ərazisinə də baxış keçirməyi planlaşdırırlar.-0-

    Qələbə abidəsi önünə əklillər, Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri qoyacaq.

    Əli Əsədovla birlikdə Füzuli şəhərində dağıdılmış və bərpa edilmiş obyektlərə baxış keçirmək, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Bərpa, Tikinti və İdarəetmə Xidmətinə MAZ-5907S2-012 markalı kommunal avtomobilinin hədiyyə ediləcəyi Ağdam Sənaye Parkına baş çəkmək planlaşdırılır. Belarus və Azərbaycan hökumət başçıları Qızıl Kəngərli kəndi ərazisində gələcək aqroşəhərin ərazisinə də baxış keçirməyi planlaşdırırlar.