Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürülüb
Bu barədə vəkil Elçin Sadıqov bildirib
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürüldüyü deyilir.
Bu barədə vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, B.Hacıyevə Cinayət Məcəlləsinin 213.1-ci (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə yeni ittiham verilib.
Vəkilin deyib ki, müdafiə tərəfi bu və B.Hacıyevə qarşı əvvəl sürülmüş digər ittihamları əsassız, saxta sayır: "Yeni ittiham Bəxtiyar Hacıyevin təşkilatının dövriyyəsinə əsasən yox, digər bu sahədə çalışan təşkilatlarının dövriyyəsinə əsasən verilib. Yəni, istintaq hesab edir ki, başqa eyni sahədə çalışan təşkilatlar bu qədər qazanırsa, Bəxtiyar Hacıyevin təşkilatı da eyni vəsaiti qazanmalıdır".
Məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
B.Hacıyev vətəndaşların xaricdə təhsili üzrə fəaliyyət göstərirdi. O, həmçinin hakimiyyəti tez-tez tənqid etməsi ilə tanınırdı, ictimai fəalların müxtəlif etiraz aksiyalarına qatılırdı.
B.Hacıyev 2022-ci ilin dekabrın 9-da həbs olunub. O, Cinayət Məcəlləsinin (CM) 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunub.
İyun ayında ona qarşı CM-in 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə əlavə ittiham verilib.