İyulun 18-i saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Şəmkirdə 6 mm, Gədəbəydə 4 mm, Göygöl, Zaqatala, Şəki, Balakən, Gəncə, Tərtərdə 2 mm-dək olub. İyulun 17-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da və Aran rayonlarında 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti olub.