Bir gündə 2 mina hadisəsi, 2 uşaq, 2 böyük yaralananıb
Cəbrayılda ANAMA əməkdaşı, Ağdamda isə yerli sakinlər ermənilərin piyada əleyhinə basdırdığı minalara düşüblər YENİLƏNİB

13:05
Ağdamda minaya düşənlərin sağlıq durumu açıqlanıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1983-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Qeyd edək ki, mina partlayışında xəsarət alan 2012-ci il təvəllüdlü qız Məmmədova D. və 2014-cü il təvəllüdlü oğlan Məmmədov E. Səbuhi Məmmədovun övladlarıdır.
***
11:57
Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən xəbərə görə, Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində sağ ayağın topuq nahiyəsinin amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.