XƏBƏRLƏR / Rəsmi

Bir sıra ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edilir

Dövlət Miqrasiya Xidmətinin məlumatı

Bir sıra ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edilir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün viza tələbi ləğv edilmişdir.

    Yeni qaydaların qüvvədə olduğu dövr ərzində müvafiq ölkə vətəndaşları Azərbaycan Respublikasına üç dəfə vizasız gələ və hər girişdə 30 günədək qala bilərlər. Ölkə ərazisinə turizmdən fərqli məqsədlər ilə gəlmək və ya burada uzunmüddət qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər. 

    Həmçinin Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin, Bəhreyn Krallığının və Qətər Dövlətinin aidiyyəti dövlət qurumları tərəfindən rəsmiləşdirilmiş etibarlıq müddəti ən azı 6 ay olan müvəqqəti və ya daimi yaşayış icazələrinə malik üçüncü ölkə vətəndaşları üçün müvafiq müddət çərçivəsində bir girişli 30 günlük turizm məqsədli vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əldə edilməsi imkanı yaradılmışdır.

    Xatırladaq ki, Azərbaycan ərazisində 15  gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya  xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.   

    Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - pr@migration.gov.az maili vasitəsilə müraciət edə bilərsiniz.