Bişkekdə iğtişaşlar zamanı 29 əcnəbi yaralanıb VİDEO
Bu barədə "Azadlıq radiosu" xəbər verib
Mayın 18-nə keçən gecə Bişkekdə iğtişaşlar zamanı 29 əcnəbi yaralanıb. Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, hazırda üç zərərçəkən xəstəxanadadır. Birində ikiqat çənə sınığı, daha ikisində beyin silkələnməsi olub. Onların vəziyyəti stabildir.
Kortəbii gecə etirazı mayın 13-də paytaxt hostelinin qonaqları - yerli sakinlərlə qonaqlar arasında davaya cavab olaraq başlayıb. Bir neçə gün sonra, mayın 17-də axşam bir qrup qırğızıstanlı əcnəbilərdən “intiqam almaq” üçün hostelin yaxınlığında toplaşıb,
Bu barədə "Azadlıq radiosu" xəbər verib.
Zaman keçdikcə etirazçıların sayı minə çatıb. Onlar iki yolayrıcını bağlayıb, əcnəbi tələbələr üçün nəzərdə tutulmuş bir yataqxananın şüşələrini sındırıb, digərinə daxil olublar.
İğtişaşların baş verdiyi yerə gələn polis əməkdaşları toplaşanları dağılışmağa çağırıb. Paytaxt polisinin bütün heyətinin xəbərdar edildiyi bildirilir.
Gecə yarısı polis mayın 13-də baş vermiş dava ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açıldığını və üç Misir vətəndaşının saxlanıldığını açıqlayıb. Daha sonra onların polis idarəsindən üzr istəmələrinin videosu yayımlanıb.
Etirazçılar saxlanılanların qanun çərçivəsində maksimum cəzalandırılmasını tələb ediblər. Bundan əlavə, onlar əcnəbilərə nəzarətin gücləndirilməsini və əvvəllər saxlanılan mitinq iştirakçılarının azad edilməsini istəyiblər.
Camaat yalnız səhər saatlarında polis rəisi, fəallar və idmançılarla söhbətdən sonra dağılıb.
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev etirazçıların tələblərini “müəyyən dərəcədə” düzgün hesab etdiyini bildirib və qeyri-qanuni miqrantların ölkədən çıxarılması istiqamətində görülən işlərdən danışıb.