Bizim dövlətimiz - Millətimizdir!
Bu gün Bakı vaxtı ilə saat 22.00-da TRT kanalı ilə “Ömür Dediyin” verilişi yayımlanacaq
Atam Fuad Mustafayev deyirdi ki, “Dəmir dəmirə dəyəndə itiləşir, İnsan insana dəyəndə müdriikləşir!”
Düzgün ailələrin atalar sözlərinin dəyərini tez anlamaq üçün yol yaşla ölçülür desəm yanılmaram. Keçən il, dekabr ayında AzTV-nin xarici əlaqələr departamentinin rəhbəri, Ankara universitentində oxuyan zaman ANS-in Türkiyədəki gözü və qulağı, peşəkar jurnalist Vüsalə xanım zəng edərək məni görüşə dəvət etdi. Görüş bizim 28 may küçəsində yerləşən VMF Kafedə baş tutdu. Görüşə əzizimiz Vüsalə xanımla birlikdə Ankaradan, TRT-də yayımlanan məşhur “Ömür Dediyin” verilişinin yaradıcısı, dünyaca məhşur və çox hörmət etdiyim jurnalist Zeliha İlham Doymuş və onun gözlərinin işığı olan Deniz və Sarper Hokna cütlüyü gəlmişdi.
Yalnız salamlaşdıqdan və hələ kofe içməmiş, kifayət qədər dinamik və çevik hərəkətləri ilə fikirlərini mənə anladan Zeliha xanım kafedə bütün ab-havanı dəyişməklə yanaşı, olmayan çıraqları belə yandıraraq öz ideyasını mənə aydın şəkildə çatdırdı. Bu xanıma bir könüldən min könülə vurulmağım heç bir dəqiqə çəkmədi desəm səhv edərəm. Bildiyimiz Vətənpərvərlik və Türkçülük simvolu durmuşdu qarşımda və bu obrazla dəfələrlə kitablarda və filmlərdə rastlaşmağıma baxmayaraq, ilk gördüyümdə ona heyran oldum.
- Biz Türkiyəyə dünyada yaşayan layiqli Türkləri göstərməliyik! Türkiyə türkləri tanımalıdır və qiymətləndirməlidir! Vahid bəy, xalqın ölçüsü nədir sizcə?
- Məncə, hər bir Xalqın ən doğru ölçüsü əhalinin sayı, şəhərlərinin ölçüsü, adambaşına istehsal etdiyi məhsul deyil, onun istehsal etdiyi insanların keyfiyyətidir.
- Sabah verilişin çəkilişinə başlayırıq! Hazırsınız?
- Əvət, əfəndim!
Veriliş çəkildi və montaj olundu Türkiyədə, TRT-nin Ankara ofisində. Bu bir veriliş deyil, Azərbaycanda bir neçə veriliş çəkildi və bir neçə maraqlı talelər barədə hekayələr yaradıldı ki, Türkiyəyə nümayiş etdirilsin!
Bu ideya ilə tamamilə razıyam – düzdür, biz “bir millət və iki dövlətik”, amma dövlətimiz məhz bizim millətimizdir və biz onu tanımalıyıq.
Əziz Dostlar, hamınızı bu gün Bakı vaxtı ilə saat 22.00-da TRT kanalı ilə yayımlanan Zeliha Doymuşun “Ömür Dediyin” verilişinə baxmağa dəvət edirəm. Gəlin birlikdə Azərbaycanımıza Ankaradan baxaq – xoşumuza gələcəkmi?
Fürsətdən istifadə edərək bu verilişin istehsalında iştirakı və əməyi olan hər bir peşəkara təşəkkür edirəm. Başda TRT rəhbəri Prof. Dr. Mehmet Zahid Sobacı, “Ömür Dediyin” verilişinin direktoru Emrah Alparslan Konuk və verilişin bütün heyətinə ailəmiz tərəfindən dərin təşəkkürümü bildirirəm.