BMT-də Azərbaycan mina təhlükəsi haqda çağırış edib
Məsələ ilə bağlı Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi səfir Tofiq Musayev çıxış edib
BMT-də Azərbaycan beynəlxalq ictimaiyyəti mina təhlükələrinə qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb.
Minalar, müharibə qalıqları və partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətlərdə bir çox ölkələrdə mülki şəxslər, hərbi qulluqçular, sülhməramlılar və humanitar işçilər üçün ölümcül təhlükə yaratmağa davam edir. Ərazisinin 13%-dən çoxunun bu təhlükələrdən təsirləndiyi və qurbanların sayının artdığı Azərbaycan belə ölkələrdən biridir.
Bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində "Baş katibin Humanitar Silahsızlanma və Mina Təmizlənməsi üzrə Kampaniyası" tədbirində çıxış edən Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi səfir Tofiq Musayev bildirib.
Diplomat qeyd edib ki, genişmiqyaslı mina çirklənməsi Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə ciddi maneə yaradır. Bu baxımdan, Azərbaycan humanitar mina təmizləməni 18-ci Milli DİM kimi təyin edib.
2022-ci ildən bəri Azərbaycan BMT ilə birlikdə üç beynəlxalq mina konfransı təşkil edib və bu konfranslar nəticəsində humanitar mina təmizləmə, davamlı inkişaf və mina çirklənməsinin ətraf mühitə təsiri kimi mövzularda konkret tədbirlər görülüb və sənədlər qəbul edilib.
Səfir xatırladıb ki, 2023-cü ilin dekabr ayında Azərbaycan 1954-cü il Haaqa Konvensiyası çərçivəsində "Minaların Mədəni İrs Obyektlərinə Təsiri" haqqında qətnamənin qəbul edilməsini təmin edib.
BMT Baş Assambleyasının 79/173 saylı qətnaməsi ilk dəfə Azərbaycanın təşəbbüsü ilə qəbul edilib. Orada qeyd olunur ki, minalar və partlayıcı qalıqlar itkin düşmüş şəxslərin axtarışına və onların qalıqlarının tapılmasına maneələr yaradır.
Diplomat həmçinin mina fəaliyyətinin gender aspektinə toxunub. O, bildirib ki, Azərbaycanda ilk qadın mina təmizləmə qrupları Azərbaycan Mina Təmizləmə Agentliyi (ANAMA), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Avropa İttifaqı arasında birgə layihənin bir hissəsi olaraq yaradılıb.
Səfir sonda beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı daha böyük həmrəylik və dəstək nümayiş etdirməyə çağırıb.
“Dünya miqyasında mina təhlükəsinin miqyası gücləndirilmiş beynəlxalq əməkdaşlığı və daha çox maliyyə və texniki dəstəyi tələb edir. Humanitar minatəmizləmə səylərinin əlaqələndirilmiş və adekvat olması vacibdir”, - deyə Musayev vurğulayıb.
2 dəqiqə