17:33
Bolqarıstan parlamenti “Proqressiv Bolqarıstan” partiyasının lideri Rumen Radevi ölkənin Baş naziri vəzifəsinə təsdiqləyib.
Rumıniya və Balkan mediası xəbər verir ki, parlamentdə keçirilən səsvermədə onun namizədliyini deputatlardan 124-ü dəstəkləyib, 70-i əleyhinə çıxıb, 36-sı bitərəf qalıb.
Səsvermədən sonra yeni hökumətin tərkibi də təsdiqlənib. Ivan Demerdzhiev daxili işlər naziri, Dimitar Stoyanov müdafiə naziri, Velislava Petrova-Çamova isə xarici işlər naziri vəzifəsinə gətirilib. Nazirlər kabinetinin üzvləri parlamentdə and içiblər.
Bolqarıstan 2026-cı ilin əvvəlindən etibarən müvəqqəti hökumətlə idarə olunurdu. Bu vəziyyət keçmiş Baş nazir Rosen Jelyazkovun istefasından sonra yaranıb. Apreldə keçirilən növbədənkənar parlament seçkilərində Rumen Radevin rəhbərlik etdiyi siyasi qüvvə 44,5 faiz səs toplayaraq parlamentdə 240 yerdən 131-ni qazanıb.
Balkan regionu üzrə ekspertlərin fikrincə, yeni hökumətin əsas çağırışları iqtisadi sabitliyin bərpası, korrupsiya ilə mübarizə və Avropa İttifaqı ilə münasibətlərin balanslaşdırılması olacaq. Analitiklər hesab edirlər ki, Sofiyanın enerji təhlükəsizliyi və Qara dəniz regionundakı geosiyasi proseslərə yanaşması yaxın aylarda region ölkələri üçün də mühüm əhəmiyyət daşıyacaq.
Qeyd olunur ki, Rumen Radev 2017-ci ildən Bolqarıstan Prezidenti kimi fəaliyyət göstərib və 2026-cı ilin yanvarında iqtisadi siyasətə və korrupsiya problemlərinə qarşı keçirilən kütləvi etirazlar fonunda vəzifəsini tərk edib. Bolqarıstan Konstitusiyasına əsasən onun üçüncü dəfə prezident seçkisində iştirak etmək hüququ olmayıb.
***
15:13
Bolqarıstan parlamenti “Proqressiv Bolqarıstan” Partiyasının lideri Rumen Radevin formalaşdırdığı yeni hökumətin tərkibini təsdiqləyib.
“The Sofia Globe” nəşrinin məlumatına görə, yeni hökumətin lehinə 122 deputat, əleyhinə isə 70 deputat səs verib, təxminən 40 nəfər bitərəf qalıb.
Parlamentdə çıxış edən keçmiş prezident (2017-2026) Radev bildirib ki, onun hökuməti “milli suverenliyi möhkəmləndirməyi və Bolqarıstanın maraqlarını konstruktiv yanaşma ilə dəstəkləməyi” hədəfləyir. O, Sofiyanın Avropa İttifaqında və NATO-da “səsini” gücləndirmək niyyətindədir. Radev, həmçinin Bolqarıstanın hərbi münaqişələrə cəlb olunmasına yol verməyəcəyini vəd edib.
Xatırladaq ki, Rumen Radevin partiyası apreldə keçirilən parlament seçkilərində seçicilərin təxminən 45 faizinin dəstəyini qazanaraq qalib gəlib.
2 dəqiqə