XƏBƏRLƏR / Neft və Qaz

BP TANAP-dakı payının 25 %-lik qeyri-nəzarət paketini satır

Bu barədə BP-nin bəyanatında xəbər verilir

BP TANAP-dakı payının 25 %-lik qeyri-nəzarət paketini satır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • BP şirkəti Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) 12 %-lik paya sahib olan törəmə şirkəti "BP Pipelines"ın 25 %-lik qeyri-nəzarət paketini qlobal aktiv fondu olan “Apollo”ya satır.

    Bu barədə BP-nin bəyanatında xəbər verilir. Sövdələşmə 1 milyard ABŞ dollara qiymətləndirilir.

    Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında BP Azərbaycandan Avropaya qazın tədarük edildiyi əsas Trans-Adriatik Qaz Boru Kəməriində (TAP) 20 %-lik paya sahib olan törəmə şirkəti "BP Pipelines"ın TAP-dakı qeyri-nəzarət payını "Apollo"ya 1 milyard ABŞ dollara satmağa razılaşıb.

    Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

     “TAP A.G.” boru kəməri konsorsiumu səhmdarlarının payları aşağıdakı kimidir: BP (20 %), SOCAR (20 %), "Snam" (20 %), "Fluxys" (20 %) və "Enagás" (20 %) .

    TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. TANAP Türkiyə-Gürcüstan sərhədində Ərdəhan bölgəsindən başlayaraq, 20 şəhər, 69 rayon və 604 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində - Ədirnənin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinə birləşir.

    TANAP boru kəməri konsorsiumu səhmdarlarının payları aşağıdakı kimidir: SGC (58 %), BP (20 %) və "BOTAS" (30 %).