Braziliyada G20 sammiti başlayır YENİLƏNİB
Noyabrın 18-də Braziliyanın təklif etdiyi Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansının rəsmi təqdimatı planlaşdırılıb
09:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 noyabr tarixlərində Müasir İncəsənət Muzeyində keçiriləcək zirvə toplantılarına qatılacaq.
Prezident Ərdoğanı Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasif Şahin və digər əlaqədar şəxslər yola salıblar.
Nümayəndə heyətinə Ərdoğan və xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, Prezidentin Kommunikasiyalar Direktoru Fahrettin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç, AK Partiya sədrinin müavini və partiya sözçüsü Ömər Çelik daxildir.
Ərdoğanı Qaleao Hava Bazasında Türkiyənin Braziliyadakı səfiri Halil İbrahim Akça və Braziliya Xarici İşlər Nazirliyinin protokol rəsmiləri qarşılayıb.
Türkiyə lideri həmçinin aparıcı ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Ərdoğan ikitərəfli görüşlərində İsrailin Qəzza və Livana hücumlarına diqqət çəkəcək. O, Fələstin dövlətinin tanınması üçün mesajlarını davam etdirəcək.
Yanvarda hakimiyyəti Donald Trampa təhvil verəcək ABŞ Prezidenti Co Bayden sonuncu dəfə sammitdə iştirak edəcək.
Rusiya Prezidenti Putin sammitdə iştirak etməyəcəyini açıqlayıb.
***
07:35
Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun iki günlük sammiti başlayır.
Tədbirə G20 ölkələrinin və bəzi digər dövlətlərin liderləri, o cümlədən Anqola, Boliviya, Qətər, Kolumbiya, Misir, Malayziya, Nigeriya, Sinqapur və Vyetnamın rəhbərləri dəvət olunub.
Braziliya sədrlik dövrü üçün əsas mövzular kimi davamlı inkişaf, qlobal idarəetmə və institutların, o cümlədən BMT, Beynəlxalq Valyuta Fondu (BVF) və Ümumdünya Ticarət Təşkilatının islahatlarını, sosial inteqrasiyanı və aclıqla mübarizəni seçib.
Noyabrın 18-də Braziliyanın təklif etdiyi Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansının rəsmi təqdimatı planlaşdırılıb. Alyansın məqsədi, xüsusilə ən həssas regionlarda ərzaq təhlükəsizliyinin təminatı üçün ölkələri, beynəlxalq təşkilatları və özəl sektoru hərəkətə keçirməyə təşviq etməkdir.
Braziliya həmçinin, bəyanata Ukrayna və Yaxın Şərqdəki münaqişələrin sülh yolu ilə həlli çağırışını da daxil etmək istəyir. "Sülhün təmin edilməsi barədə mesaj yalnız konkret münaqişəyə deyil, bütün münaqişələrə aiddir. Bu, Braziliyanın qlobal idarəetmə islahatlarına verdiyi önəmi təsdiqləyir. Bizə sülh lazımdır ki, beynəlxalq cəmiyyətin əsas hədəflərinə, yəni yoxsulluqla mübarizəyə və davamlı inkişafın irəlilədilməsinə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə diqqət yetirə bilək", - sammitöncəsi Braziliyanın şerpası (G20 üzvü olan ölkənin liderinin etibarlı adamı-red.) Maurisio Liriu bildirib.