Braziliyanın San-Paulu ştatında təyyarənin qəzaya uğraması nəticəsində göyərtəsində olan 61 nəfərin hamısı həlak olub.
İkimühərrikli turbovintli təyyarə ölkənin cənubundakı Parana əyalətindəki Kaskavel şəhərindən San-Paulu şəhərinin Quarulhos hava limanına uçarkən Vinhedo şəhərinə düşüb.
ATR 72-500-də 57 sərnişin və dörd ekipaj üzvü olub. Yerli hakimiyyət orqanları sağ qalanların olmadığını bildirir.
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva həlak olanların ailələri və yaxınları ilə həmrəy olduğunu bildirib. San-Paulu ştatının qubernatoru Tarsisio Qomes de Freitas 3 günlük matəm elan edib.
Təyyarə yaşayış məntəqəsinə düşüb, lakin yerdə olanlardan heç kim xəsarət almayıb.
Hadisə yerində polis və yanğınsöndürənlər işləyir.