BTC kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb
2018-ci ildən 2024-cü ilədək “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən qaz həcmi də məlum olub
Yanvar-noyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 2,87 faiz azalaraq 35 milyon 360 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 75,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-noyabr ayları ərzində bu kəmərlə neft nəqli 2,9 faiz azalaraq 26 milyon 831,1 min ton olub.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,8 faizini və ya 21 milyon 940,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,2 faizini və ya 4890,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Kommersiya məqsədli hasilatın başlanıldığı 30 iyun 2018-ci ildən 1 dekabr 2024-cü ilədək “Şahdəniz-2” layihəsi çərçivəsində 66,6 mlrd. kubmetr qaz hasil edilib.
Bu barədə “SOCAR-ın xəbər verir.
Məlumata əsasən, hesabat dövründə “Şahdəniz-2” layihəsi çərçivəsində 11,5 mln. ton kondensat hasil edilib.
Qeyd olunub ki, 17 dekabr 2013-cü il tarixində “Şahdəniz” Konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin 2-ci mərhələsi üzrə yekun investisiya qərarı imzalanıb.
Xatırladaq ki, “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan Avropaya qazın nəqlinə başlanılıb.