BLOQ

Bu dəfə Qafqaz və Orta Asiyada ilk FM radio ANS-ÇM açılacaq?

"Siz həmişəki kimi hamıdan irəlidəsiniz!"

Bu dəfə Qafqaz və Orta Asiyada ilk FM radio ANS-ÇM açılacaq?
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Bu dəfə Audiovizual Şura (keçmiş Milli Televiziya və Radio Şurası (MTRŞ)) artıq birdən-birə üç radio tezliyi tendere çixardıb. Və sözsüz ki, ANS-ÇM də bu müsabiqədə iştirak edir.
    Düşünürəm, bu dəfə Azərbaycanı və Azərbaycanlıları ən qabaqcıl dövlət və millət kimi göstərən Qafqazlar və Orta Asiyada ilk yaranmış FM Radio olan ANS-ÇM tenderdə qalib gələ biləcək. Axı ANS-ÇM öz fəaliyyətini davam etdirməklə Azərbaycanı yenidən bu vacib demokratik, adı çəkilən regionda azad media sahəsində ilk olmağımızı bərqərar edəcək. Əks halda, indi birincilik Ermənistandadır, baxmayaraq ki, onların ilk FM radiosu ANS-ÇM-dən 1 il 7 ay sonra yaranıb.
    Eyni zamanda, Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Çingiz Mustafayevin adına olan ANS-ÇM Radiosu bir növ bütün Şəhidlərimizə olan xalq hörməti və ehtiramıdır. Hamı bilir ki, ANS-ÇM Radiosu Çingizin qardaşları Vahid və Seyfulla Mustafayevlər tərəfindən yaradılıb və bütün fəaliyyət boyu yalnız Azərbaycan Xalqının Vətənpərvərliyi və Özünüdərketmə Prinsiplərini dəyərləndirməsinə, milli-mədəni irsimizin bu dinamik inkişaf edən dünyada layiqli yerini qazandırmağa və ümumiyyətlə, müasirliyə qulluq edib. Bu gün bu incə dövranda bu dəyərlərlərin daim inkişafı Vətənə artıq dərəcədə lazımdır.
    ANS-ÇM Radiosu Azərbaycanda həm də Şuşanı fəth edən, Qarabağ torpaqlarımızı azad edən bizim sadiq dinləyicilərimizin bir an belə ağızlarından düşməyən "Döyüş Alnınıza Yazılıb" şuarının elçisi və daşıyıcısıdır. Bu şuarla bizim daimi dinləyicilərimiz indi də hər an Vətəni qorumağa və bizə aid olan hər şeyi almağa qadirdirlər!
    Milli Qəhrəman Çingiz Mustafayev adına Radio eyni zamanda böyük bir media məktəbi idi. Bu gün əksər radiolara rəhbərlik edən peşəkarlar məhz ANS-ÇM-in şinelindən çıxıb, fəaliyyətlərini bu sahədə peşəkarcasına davam etdirirlər. ANS-ÇM daim təlim və təhsil məsələlərinə diqqətlidir, şəxsən mən daim əməkdaşlarımın müasir media texnologiyalarına uyğun fəaliyyət göstərməsi üçün dayanmadan təlimlər keçirirdim. ABŞ, Böyük Britaniya, Almaniya və s. ölkələrdən mütəxəssisləri gətirərək Azərbaycan Radiosunun dünya birinciləri ilə bir sırada durmasına müvəffəq olmuşdum!
    Mənim böyük dostum, İngiltərənin “Capital FM” radiosunun əməkdaşı (indi rəhbərlərdən biri) hələ 2003-cü ildə demişdi ki, Azərbaycanın demokratiyası qərbdə bir amillə ölçülür - ANS varsa, demək Azərbaycanda Demokratiya var. İnanmaq istəyirəm ki, bu dəfə mən milyonlarla dinləyicilərimizin, daim mənə ANS-ÇM Radisuonu açmaq tələbi ilə müraciət edən dinləyicilərimiz qarşısında, yolumuzu gözləyən böyük Xalqımız qarşısında bu dəfə də başıaşağı qalmaram. Hamını bir sual maraqlandırır - axı niyə ANS-ÇM Azərbaycanda olmasın - bu qərarın arxasında kim durub?! Bir şeyi bilirəm ki, bu Azərbaycan xalqı deyil!
    Avropanın Şurası və Birliyinin tələbi ilə Azərbaycanda da, Ermənistan və Gürcüstanda olduğu kimi, bir çox radioların açılması gündəmdədir. Lakin, qərar verən cənablar, söhbət kəmiyyətdən yox, keyfiyyətdən gedir. Şuşa radiosu tenderini ANS-ÇM “uduzdu”... Nəticədə nə oldu? Bu günədək Şuşada heç bir radio fəaliyyət göstərmir. Müsabiqəni bizdən, Qarabağda, döyüşlərdə formalaşan qoçaman radiostansiyadan udan təşkilat rahatca Bakıda oturub, Şuşadan çox-çox uzaqda fəaliyyət göstərir. Amma bu gün məhz Şuşada radionun olması və Azərbaycanın səsini yerində ucaltması çox vacib və taleyüklü məsələdir.
    P.S. Audiovizual Şuranın (keçmiş MTRŞ) nümayəndələri gəldilər, Radiomuzun və ən müasir texnologiyalara arxalanan avadanlığımızla tanış oldular və dedilər: "Siz həmişəki kimi hamıdan irəlidəsiniz. Xahiş edin yuxarıdan ki, Sizə tezlik versinlər! Biz də ANS-ÇM-in fəaliyyətinin bərpasının tərəfdarıyıq, amma bu qərarı biz vermirik...".
    Hörmətli Audiovizual Şura (keçmiş MTRŞ) əməkdaşları, bu dediklərinizi də etdik. Həmişəki kimi, müsbət qərarınıza inamla, Allah Azərbaycanı qorusun!
    Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan ANS-ÇM radiostansıyasının hörmətli dinləyiciləri və əməkdaşları, xahiş edirəm, bu postumu paylaşın ki, MTRŞ əməkdaşlarının adını çəkmədiyi rəhbərliyə çatsın... Bəlkə biz məktubumuzu düzgün ünvana istiqamətləndirməmişik?!