Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. Onun vəfatından 86 il ötür.
Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda vəfat edib.
Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürk 1881-ci ilə Salonikidə dünyaya gəlib. O, 1923-cü ildən 1938-ci ilədək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk prezidenti olub.
Atatürk Birinci Dünya Müharibəsi əsnasında Osmanlı ordusunda xidmət edib. Çanaqqala cəbhəsindəki döyüşlərdə fərqləndiyinə görə polkovnik, Sina-Fələstin cəbhəsində isə İldırım Orduları generallığına layiq görülüb.
Atatürk Osmanlı İmperiyasının yerində qurulan Türkiyə Cümhuriyyətinin müasir və sekulyar bir milli dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar aparıb. Onun liderliyi altında minlərlə yeni məktəb inşa edilib. İbtidai təhsil pulsuz və zəruri hala gətirilib.
Qadınlara qarşı hüquq bərabərsizliyini aradan qaldırıb. Kəndlilərin ağır vergilərini azaldıb.
1938-ci ildə vəfatına qədər 4 dəfə Türkiyə prezidenti seçilən Atatürk ölkəsində bu vəzifəni ən uzun müddətə icra edən siyasi lider olub.
Atatürkün fəaliyyəti tarixdə oynadığı əhəmiyyətli roluna görə bir çox yazar və tarixçi tərəfindən araşdırılıb və haqqında 400-ə yaxın əsər yazılıb.
Hər il Türkiyədə və xaricdə Atatürksevərlər onu hörmət və ehtiramla yad edirlər. Atatürkü yad etmək üçün dövlət, hökumət rəmsiləri, deputatlar, siyasi partiyaların liderləri, icitmiyyətin nümayəndələri Anıtqəbiri ziyarət edirlər.
Azərbaycanın Xarici İşlər Nazirliyi “X”dəki hesabında Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.
“Qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür.
Bu ağır gündə, dahi Mustafa Kamal Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik”.