BLOQ / Yaddaş

Bu gün Şah İsmayıl Xətainin vəfatından 501 il ötür

Şah İsmayıl Azərbaycan xalqının dahi oğlu, dövrünün ən qüdrətli imperiyalarından birinin banisi olub

Bu gün Şah İsmayıl Xətainin vəfatından 501 il ötür
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün Azərbaycan xalqının dahi oğlu, dövrünün ən qüdrətli imperiyalarından birinin banisi Şah İsmayıl Xətainin vəfatından 501 il ötür.

    Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi 17 iyul 1487-cü ildə anadan olub (Ərdəbil, Ağqoyunlu dövləti) – 23 may 1524-cü ildə vəfat edib (Təbriz, Səfəvilər).

    Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahıdır, Azərbaycan şairidir.

    O, 1501-ci ilin iyul ayında Təbriz şəhərində Azərbaycan taxtına oturdu.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

    Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.

    Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazıb. Bununla əlaqədar olaraq "Şah İsmayıl Xətai" olaraq da tanınır. 
    Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazıb.

    Sufi isən, alıb-satma,
    Halalına haram qatma,
    Yolun əyrisinə getmə,
    Doğru yola nəzər eylə.

    ***

    Üzün gördüm sənin, ey yari-məhru,
    Könüllər afəti, ya üzmüdür bu?

    Dodağın həsrətindən xəstə haləm,
    Axıtdı gözlərim yaşı be hər su.

    Həbəşdir kim, müsafir Rumə düşmüş
    Üzün səfhindəki ol xali-hindu.

    Gözündən ahu tək dağlara düşdüm,
    Nə sehr etdi mənə ol iki cadu?

    Xətai dər üzün xurşidə nisbət,
    Sözü rövşən dedim üzünə qarşu.

    ***

    Neylərəm ol cənnəti, içində dildar olmasa?!
    Qoy onu viranə qalsın – bağçada bar olmasa.