Bu gün general Polad Həşimovun həlak olduğu gündür
Onunla bir yerdə polkovnik Mirzəyev İlqar da şəhid olmuşdu
“Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur. Onunla bir yerdə polkovnik Mirzəyev İlqar da şəhid olub...”.
Altı il əvvəl məhz bu xəbər Tovuz döyüşləri zamanı bütün Azərbaycanı dərindən sarsıtdı. General və polkovnik şəhid olmuşdu. Bu hadisə uzun illər nümayiş etdirilən təmkinin, humanist yanaşmanın və münaqişənin sülh yolu ilə həllinə göstərilən səylərin artıq son həddə çatdığını göstərirdi. General-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhadəti ölkədə böyük əks-səda doğurdu. Əli silah tutan hər kəs ayağa qalxdı, minlərlə insan qəhrəman zabitlərini son mənzilə sonsuz ehtiramla yola salmaq üçün küçələrə axışdı.
Həmin vaxta qədər Polad Həşimov və İlqar Mirzəyevi əsasən onların silahdaşları və əsgərləri tanıyırdı. Ancaq xalq bir həqiqəti yaxşı bilirdi: əsgərləri ilə çiyin-çiyinə döyüşən, onları heç vaxt tək qoymayan bir generalın və bir polkovnikin Vətənə sədaqəti və xidməti şübhə doğura bilməzdi. Onlar hər zaman öndə gedən, şəxsi nümunələri ilə əsgərlərinə ruh verən, son nəfəslərinədək hərbi anda sadiq qalan əsl döyüşçülər idilər.
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 15-də Hərbi Memorial Məzarlıqda torpağa tapşırıldılar. Onları son mənzilə yola salan insanların baxışlarında həm sonsuz kədər, həm də belə igid zabitlər yetişdirən Vətənə məxsus olmağın qüruru oxunurdu.
General-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhadəti xalqın milli ruhunu daha da gücləndirdi. Minlərlə insan Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət edərək şəhid zabitlərin və onların silahdaşlarının qisasını döyüş meydanında almağa hazır olduqlarını bildirdi, "İrəli" əmrini gözlədiklərini bəyan etdi. Gənclər kütləvi şəkildə hərbi komissarlıqlara üz tutaraq ön cəbhəyə yollanmaq üçün adlarını könüllülər siyahısına yazdırdılar. Artıq hər şey hazır idi, yalnız Ali Baş Komandanın əmri gözlənilirdi.
Həmin əmr özünü çox gözlətmədi. Cəmi iki ay sonra – sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq Ali Baş Komandanın göstərişi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən savaşda Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Bu Qələbənin müəllifləri olan qəhrəman döyüşçülər həm şəhid zabitlərinin qisasını aldılar, həm də onların yarımçıq qalan amalını şərəflə davam etdirdilər. Zəfər xəbəri ilə küçələrə axışan insanlar Şəhidlər xiyabanlarını ziyarət edir, xüsusilə Hərbi Memorial Məzarlığa gələrək general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarları önündə ehtiramlarını ən ali səviyyədə bildirirdilər. Polad Həşimovun yolu ilə gedən igid oğulların onun məzarı başında son tapşırığın layiqincə yerinə yetirildiyini məruzə etmələri isə həmin günlərin ən kövrək və unudulmaz anlarından biri oldu.
2023-cü il sentyabrın 19–20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində isə cəmi 23 saat 43 dəqiqə ərzində ölkəmizin Konstitusiya quruluşu və dövlət suverenliyi tam təmin olundu. Beləliklə, general-mayor Polad Həşimov öz şəhadəti ilə xalqımızın taleyində dönüş yaradan, adı tarixə qızıl hərflərlə həkk olunan ən yüksəkrütbəli zabitlərdən biri kimi əbədiləşdi.
Prezident İlham Əliyev ön cəbhədə qəhrəmancasına döyüşərək şəhid olmuş yüksəkrütbəli zabitlərin xidmətlərini yüksək qiymətləndirdi. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldülər.
Şəhadətin mübarək, cənab general! Şəhadətin mübarək, cənab polkovnik!
4 dəqiqə