Bu gün görkəmli muğam ifaçısı Xan Şuşinskinin ad günüdür
Görkəmli xanəndənin bir sıra bəstələri də olub
Bu gün Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin anadan olmasından 125 il ötür (1901-1979).
Xan Şuşinski Azərbaycan muğam ifaçılığı sənətinin dərin özüllü sənətkarlarından biri, muğam sənətimizin böyük siması kimi təqdim olunur. O, “muğam ifaçılığının Dədə Qorqudu”, “muğamımızın xanı” adlandırılıb. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.
Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.
Xan Şuşinski sənət dünyasında bir çox ilklərə imza atıb. O, ilk dəfə simfonik orkestr və xalq çalğı alətləri orkestrinin müşayiəti ilə muğam ifa edən sənətkardır. Azərbaycan musiqi mədəniyyəti tarixində qadın xanəndə ilə duet oxuyan ilk sənətkar da məhz Xan Şuşinski olub. Onun Sara Qədimova və Şövkət Ələkbərova ilə ifa etdiyi duetlər Azərbaycan Radiosunun Qızıl Fondunda nəfis nümunələr kimi qorunub saxlanılır.
Xan Şuşinski ilk dəfə Xankəndidə “Qarabağ” adlı ansambl yaradıb. O, 1943-cü ildə, 42 yaşında Əməkdar artist fəxri adı almadan birbaşa Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb. Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib. Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.
2 dəqiqə