XƏBƏRLƏR / Həyat Tərzi

Nobel Sülh mükafatının laureatı məlum olub FOTO

YENİLƏNİB

Nobel Sülh mükafatının laureatı məlum olub FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:20

    Nobel Sülh mükafatının laureatı məlum olub.

    Norveç Nobel Komitəsi 2025-ci il Nobel Sülh mükafatının Maria Korina Maçadoya verilməsi barədə qərar qəbul edib.

    O, bu mükafata "Venesuela xalqının demokratik hüquqlarını təşviq etmək istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə" görə layiq görülüb.

    Maria Korina Maçado Venesuela siyasətçisi, müxalifət lideri və insan haqları müdafiəçisidir. O, 7 oktyabr 1967-ci ildə Karakasda anadan olub. Maçado liberal-demokrat dəyərləri müdafiə edir və uzun illərdir Venesuelada rejimə qarşı mübarizə aparan əsas simalardan biridir. O, “Vente Venezuela” adlı müxalif siyasi hərəkatın qurucusu və lideridir. 2014-cü ildə prezident Nikolas Maduro hökumətinə qarşı etirazlara görə parlament mandatı əlindən alınıb. Maçado beynəlxalq aləmdə demokratiya və insan haqları uğrunda mübarizənin simvolu kimi tanınır.

    Qeyd edək ki, Nobel Sülh Mükafatının qalibi Norveçin Oslо şəhərində yerləşən Norveç Nobel İnstitutunda elan edilib.

    Norveç Nobel Komitəsi 2024-cü il Nobel Sülh mükafatının Yaponiyanın Nihon Hidankyo təşkilatına verilməsi barədə qərar qəbul edib. Xirosima və Naqasakiyə atom bombası atılmasından sağ çıxanların yaratdığı bu hərəkat Hibakuşa adı ilə də məşhurdur. Hərəkat Sülh üzrə Nobel mükafatına nüvə silahından azad, sülh içində bir dünyanın yaradılması sahəsində göstərdiyi, o cümlədən nüvə silahından bir daha heç vaxt istifadə edilməməsinin vacibliyini şahid ifadələri ilə nümayiş etdirdiyinə görə layiq görülüb.

    ***

    08:04

    Oktyabrın 10-da Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq.

    Mükafatın rəsmi saytında xəbər verilir ki, bu il mükafata 338 namizəd irəli sürülüb.

    Onlardan 244-ü fərdi şəxs, 94-ü isə təşkilatdır.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın da adı namizədlər siyahısındadır. O, Barak Obamadan 16 il sonra (2009) Nobel mükafatını qazanan ABŞ Prezidenti olmaq istəyir.