BLOQ / Yaddaş

Bu gün teatr rejissoru Azər Paşa Nemətovun ad günüdür

Xalq artistinin anadan olmasının 79-cu ildönümü tamam olur

Bu gün teatr rejissoru Azər Paşa Nemətovun ad günüdür
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azər Paşa Nemətov 1947-ci ildə görkəmli rejissor Zəfər Nemətovun ailəsində Bakıda dünyaya göz açıb.

    Azər Paşa Nemətov Akademik Milli Dram Teatrının səhnəsində Rüstəm İbrahimbəyovun “Biganələr oteli” (1984), Arif Süleymanovun “Tufandan əvvəl” (1987), Elçinin “Ah, Paris, Paris!..” (1997), “Mənim sevimli dəlim” (1998),“Mənim ərim dəlidir. Diaqnoz D” (1999), Uilyam Şekspirin “Hamlet” (2002), İlyas Əfəndiyevin “Boy çiçəyi” (2011), Əli Əmirlinin “Şah Qacar” (2013), Cəlil Məmmədquluzadənin “Ölülər” (2016), Cəfər Cabbarlının “Almaz” (2017), E.Əfəndiyevin “Cəhənnəm sakinləri” (2017) tamaşalarına quruluş verib.

    O, həmçinin 2012-ci ildə “Yaşadan, yaşayan Yaşar”, 2013-cü ildə isə “Səni axtarırıq…” adlı filmlərin rejissoru olub. Azər Paşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib. Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olan Azər Paşa Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülüb.

    Azər Paşa Nemətov 1987-ci ildə “Əməkdar incəsənət xadimi” və 2002-ci ildə “Xalq artisti” fəxri adlarını alıb, 2007-ci ildə müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

    O, 2023-cü il aprelin 9-da 76 yaşında vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.