BLOQ

Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür

BMT 2013-cü ildə müvafiq qətnamə qəbul edib

Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür.

    BMT Baş Assambleyası geniş ictimaiyyətin diqqətini vəhşi fauna, flora və təbiət haqqında məlumatlılıq səviyyəsini yüksəltmək məqsədilə martın 3-nün Ümumdünya Vəhşi Təbiət Günü elan olması məqsədilə 2013-cü il dekabrın 20-də müvafiq qətnamə qəbul edib.

    Təsadüfi deyil ki, elə həmin il təbii müxtəlifliyin qorunması sahəsində daha bir mühüm sənədin qəbul edilməsinin 40 ili tamam olmuşdu. Bu, nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya (CITES) adlanırdı. Sənəd 1973-cü il martın 3-də irəli sürülmüşdü. 1973-cü il Konvensiyasında iştirak məcburi deyildi, lakin onu imzalayan ölkələrdən həmin sənəddə göstərilən şərtlərə riayət etmək tələb olunur.

    Ümumilikdə CITES tərəfindən təxminən 6,6 min heyvan və 34,3 min bitki növü qorunur. Onlar CITES-in üç əlavəsində yer alıb və məhvolma riski səviyyəsinə görə qruplaşdırılıb.

    Bu gün bütün dünyada vəhşi təbiət təhlükə altındadır. Növlərin dörddəbiri nəsli kəsilmək riski ilə üz-üzədir, çünki onların yaşadıqları ekosistemlərin təxminən yarısı məhv edilib. Kaktuslar, dəniz yosunları, zürafələr, tutuquşular və palıd ağacları nəsli kəsilməkdə olan növ qrupları arasındadır. Hazırda bir milyon növü təhlükə gözləyir. Həmin tendensiyanın qarşısının alınması üçün təcili tədbirlər görülməlidir.

    Ümumdünya Vəhşi Təbiət Günü vəhşi fauna və floranın müxtəlifliyini və gözəlliyini qeyd etmək imkanı verir, mühafizənin insana faydaları haqqında məlumatlılığın artırılmasına kömək göstərir. Təqvim həm də geniş iqtisadi, ekoloji və sosial fəsadlar törədən vəhşi təbiət cinayətlərinə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini xatırladır. Bu gün çərçivəsində keçirilən tədbirlər isə hər il konkret ekoloji mövzuya həsr olunur.

    Dünyadakı insanlar qidadan tutmuş yanacağa, dərmana, sığınacaq və geyimə qədər ehtiyaclarını ödəmək üçün vəhşi təbiətə və biomüxtəlifliyə əsaslanan resurslara güvənirlər. Milyardlarla insan 50 min vəhşi flora və fauna növünə möhtacdır. Planetin hər beş sakinindən biri öz gəliri və qidası üçün yabanı növlərdən, 2,4 milyard insan isə yemək bişirmək üçün odun yanacağından asılıdır.

    İnsanların təbiətin gözəlliyi, onun müxtəlifliyi və hər bir fərdi növün unikallığı haqqında məlumatlandırılması həmin uyğunlaşma prosesinə kömək etməlidir. Vəhşi təbiətə şüur və münasibəti dəyişmək, sonsuz təbii sərvətlər ideyasından imtina etmək gələcək nəsillərə vəhşi təbiətlə çox ahəngdar birgəyaşayış yolunu tapmağa kömək göstərəcək. Bu da onlara bu möcüzənin gözəlliyindən və əzəmətindən həzz almaq imkanı verəcək.

    Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi Təbiət Günü” bu il “İnsanlar və planetlər birləşməklə vəhşi təbiətin qorunmasında rəqəmsal innovasiyaların tədqiqi” devizi altında keçirilir.

    Azərbaycanda biomüxtəlifliyin, fauna və flora növlərinin qorunması məqsədilə bir çox uğurlu layihələr icra olunur. Artıq neçə ildir ki, ölkəmizdə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən ceyranların, bezoar keçilərinin, Avropa bizonu və nəcib maralların reintroduksiyası işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri davam etdikcə və həmin ərazilər minalardan təmizləndikcə həmin ərazilərdə də reintroduksiya işləri həyata keçiriləcək.

    Bu gün, həmçinin Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü elan olunub.

    Unikal landşaftları əhatə edən milli parklarımızın hər birinin özünəməxsus heyvan və bitki aləmi var. Hər biri də ekoloji turizmi özündə ehtiva etməklə maarifləndirmə, həmçinin həmin növlərin gələcək nəsillərə çatdırılmasının təmin olunması üçün mühüm rola malikdir.