Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
O, tariximizin bir çox hadisələrini dram əsərlərində canlandırıb
Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub.
Atalığı Mahmud Vahabzadənin həyat yoldaşı isə 1905-ci il hadisələri zamanı yetim qalmış Vartaşendən (indiki Oğuz - red.) olan erməni qızı olub, daha sonra Şəkidə Allahverdi adlı bir nəfərin himayəsində Gülzar adı ilə böyüdülüb. Mahmud Vahabzadə ilə Gülzar Allahverdiqızı 1918-ci ildə evlənirlər, lakin uşaqları olmadığından Bəxtiyarı övladlığa götürürlər.
1934-cü ildə onun ailəsi Bakıya köçüb. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb (1942–1947).
Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb.
Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" (1960–2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunub.
70-dən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.
Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.
Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: "Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır".
Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü ədibin dramaturgiyasında təcəssümünü tapıb. Təsadüfi deyil ki, onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Hara gedir bu dünya?", "Fəryad", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" və "Özümüzü kəsən qılınc" kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.
Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından idi Bəxtiyar Vahabzadə. Bu azadlığın çətin və şərəfli iş olduğunu duyaraq bir an belə seçdiyi yoldan nəinki dönmədi, əksinə daim mübarizənin ön cərgəsində oldu. Bəlkə də bu səbəbdəndir ki, 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı "Şəhidlər" poeması ilə yeni bir tarix yazdı.
Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.
Bəxtiyar Vahabzadə 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn edilib.