Bu gün Yel çərşənbəsidir VİDEOÇARX
Bu gün İlaxır çərşənbələrdən 3-cüsüdür
Novruz mübarək qədəmləri ilə qapılarımızın astanasındadır. Bu gün İlaxır çərşənbələrdən 3-cüsü - Yel, hava çərşənbəsidir.
Təmiz sudan keçib pak olanlar, arzusunu suya danışanlar, Tanrıdan əkininə bol su diləyənlər, sonra isə oddan atlanıb, “ağırrığını-uğurruğunu” oda tökənlər, səpdiklərinə can verən istini, Günəş işığının bolluğunu arzulayanlar ücüncü dəfə Yel babaya üz tutur, ən gözəl dualarla onu qarşılayırlar.
Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.
Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir.
Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir.
Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.
Yel çərşənbəsi ilə bağlı çoxlu inanclar da var. Ulularımız deyiblər ki, “Yel əsdirəni söyməzlər”, çünki onun arxasında Tanrı durur. “Yel olmasa, sel olmaz”, “Yel üfürüb şişirtdiyin göyə qaldırar”, bunları da dünyanın işindən baş çıxaranlar deyiblər. Amma onlar “Yel aparar, nə qalar?” da deyiblər. Bədində işimiz yox, qoy xeyirlisi bizim olsun!..
Yel çərşənbəsi ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri də var. Məsələn, ”Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə”.
“Yel” şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapıb. Xalq bədii nümunələrində və inanclarda müxtəlif mənalarda işlənən “yel” kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biridir. Mövsüm nəğmələri içərisində də yel haqqında bədii nümunələrə rast gəlinir:
A Yel baba, Yel baba,
Qurban sənə gəl, baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, Yel baba,
Qurban sənə gəl, baba.
İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda əllərimizi ulu Tanrıya uzadıb ona dua edək. Çərşənbəniz mübarək!