14:56
Bu gün növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 46 ailə olmaqla, 223 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
13:51
İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Şükürbəyli kəndi bu gün 46 ailə olmaqla, 223 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər. Kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.
Kənddə hər biri 80 yerlik olmaqla, iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.
Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəylidə yeni həyat başlayıb. Burada həyata keçirilən quruculuq işləri “Böyük Qayıdış” proqramının uğurlu icrasının daha bir nümunəsidir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
***
07:18
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.
Bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə - 223 nəfər köçürülüb.



Qeyd edək ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1110 nəfər (283 ailə)
Kolatağ - 120 nəfər (33 ailə)
Vəngli - 569 nəfər (143 ailə)
Aşağı Oratağ - 462 nəfər (100 ailə)
Çapar - 141 nəfər (39 ailə)
Heyvalı - 205 nəfər (46 ailə)
Çıldıran - 165 nəfər (41 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Böyük Qaladərəsi - 78 nəfər (17 ailə)
Xocalı rayonu
Xocalı - 631 nəfər (141 ailə)
Ballıca - 1063 nəfər (238 ailə)
Təzəbinə - 721 nəfər (159 ailə)
Xanyurdu - 488 nəfər (134 ailə)
Şuşakənd - 423 nəfər (111 ailə)
Badara - 363 nəfər (101 ailə)
Seyidbəyli - 254 nəfər (70 ailə)
Daşbulaq - 126 nəfər (31 ailə)
Xanabad - 84 nəfər (21 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1222 nəfər (300 ailə)
Şükürbəyli - 1649 nəfər (379 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 2375 nəfər (646 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1649 nəfər (388 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 973 nəfər (438 ailə)
Hadrut - 261 nəfər (64 ailə)
Qırmızı Bazar - 889 nəfər (209 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 174 nəfər (38 ailə)
Xocavənd - 185 nəfər (69 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 230 nəfər (54 ailə)
Kərkicahan - 174 nəfər (43 ailə)
Cəmi: 35 116 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 90 minə yaxın insan yaşayır.
6 dəqiqə