Cənubi Azərbaycan Milli Dövlətçilik Şurası yaradılır
Aprelin 30-da yeni yaradılan Cənubi Azərbaycan Milli Dövlətçilik Şurasının onlayn təsis toplantısı keçiriləcək
Cənubi Azərbaycandan (İran) bir qrup ictimai-siyasi xadim İranda yaşayan azərbaycanlıların 1945-1946-cı illərdə elan etdikləri Azərbaycan Milli Hökumətinin bərpası məqsədilə yeni təşkilat təsis etmək qərarına gəlib.
Aprelin 30-da yeni yaradılan Cənubi Azərbaycan Milli Dövlətçilik Şurasının onlayn təsis toplantısı keçiriləcək. Bu barədə Cənubi Azərbaycan Milli Dövlətçilik Şurasının təşəbbüs qrupunun məlumatında deyilir.
Qrupun kooridnatoru Çingiz Göytürkdür.
Təşəbbüs qrupuna Saleh İldırım (Cənubi Azərbaycan İstiqlal Partiyasının sədri), Əhməd Obalı (“Günaz” peyk telekanalının təsisçisi), Əjdər Tağızadə (Cənubi Azərbaycan Demokratik Türk Partiyasının sədri), Sadiq İsabəyli (Cənubi Azərbaycan Milli Azadlıq Cəbhəsinin İdarə Heyətinin üzvü) və başqaları daxildir.
Təşkilatın mənzil-qərargahı Finlandiyada yerləşəcək.
Təşkilat müstəqil Cənubi Azərbaycan dövlətini yaratmağı qarşısına məqsəd qoyur.