XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Küveytdə görüşlər keçirib YENİLƏNİB

Bu barədə XİN xəbər verir

Ceyhun Bayramov Küveytdə görüşlər keçirib YENİLƏNİB
Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabah
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 15:38

    30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Abdullah Ali Al-Yahya ilə görüşüb.

    XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan-Küveyt əməkdaşlığının siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat, kommunikasiyalar, humanitar aspektləri, turizm əlaqələrinin inkişafı, Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional reallıqlar müzakirə olunub.

    Ölkələrimiz arasında mövcud dostluq və qardaşlığın tarixi, mədəni və dini ortaqlıqlara əsaslandığı, hər iki ölkənin liderləri arasında mövcud siyasi dialoqla daha da möhkəmləndiyi vurğulanıb.

    Eyni gündə keçiriləcək Azərbaycan Respublikası Höküməti və Küveyt Dövləti Höküməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının ölkələrimiz arasında müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın inkişaf etdirilməsi üzrə səmərəli nəticələr verəcəyinə dair inam ifadə edilib.

    Hər iki ölkənin yerləşdiyi coğrafi mövqenin nəqliyyat və kommunikasiyalar üzrə əməkdaşlığın inkişafına şərait yaratdığı qeyd edilib.

    Regional və beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək və həmrəyliyin, bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətin təqdirəlayiq olduğu vurğulanıb. Bu çərçivədə, digər beynəlxalq təşkilatlar ilə yanaşı, Körfəz Əməkdaşlıq Şurası ilə geniş əməkdaşlıq perspektivlərindən bəhs olunub.

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqlim dəyişmələri ilə mübarizə sahəsində gələcək birgə təşəbbüslər və mümkün səylər nəzərdən keçirilib.

    Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumatlandırıb.

    Azərbaycan-Ermənistan normallaşma prosesi, mövcud çətinlik və çağırışlardan ətraflı bəhs olunub.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    ***

    15:08


    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Küveytin xarici işlər naziri Abdullah Əli əl-Yəhya ilə görüşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Görüş çərçivəsində bildirilib ki, Azərbaycan-Küveyt tərəfdaşlığı gələcəyə dair ortaq baxış əsasında möhkəm təməllər üzərində dayanır.

    "İnanırıq ki, Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasının nəticələri də daha geniş regional əlaqələrə, iqtisadi dayanıqlılığa və davamlı inkişafa töhfə verəcək",-məlumatda qeyd edilib.

    ***

    14:42

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfəri zamanı Vəliəhd Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabah ilə görüşüb.

    Bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.

    Bildirilib ki, tərəflər Azərbaycan və Küveyt arasında ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsini, eləcə də müxtəlif sektorlar üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

    Hər iki tərəf xüsusilə iqtisadi inkişaf, ticarət, investisiya, enerji təhlükəsizliyi və turizm kimi sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan tam istifadənin vacibliyini vurğulayıblar.

    Həmçinin bu əlaqələrin daha da dərinləşməsində Əməkdaşlıq üzrə Birgə Komissiyanın mühüm rolu qeyd olunub.

    Bundan əlavə, Ceyhun Bayramov Cənubi Qafqazda baş verən hadisələr, xüsusilə də Azərbaycanın münaqişədən sonra Qarabağdakı bərpa işləri və sülh səyləri ilə bağlı son məlumatları Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabahın diqqətinə çatdırıb.

    Qeyd edək ki, 29 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.