Reportaj

Ceyranlar Qarabağa qayıdır

"The Times" yazır

Ceyranlar Qarabağa qayıdır
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Britaniyanın “The Times” qəzetində Hanna Lusinda Smitin Azərbaycan ərazisində ceyranların məskunlaşdırılması layihəsi ilə bağlı məqaləsi dərc olunub. Bu materialın tərcüməsini diqqətinizə çatdırırıq.

    "Qarabağ 30 il ərzində "boz zona" kimi qalmışdı.

    Sönmüş vulkanın fonunda çəmənli düzənliyin alçaq kolları arasından bir sıra zərif ceyranlar hoppanır. Başının üstündə quşlar uçur. Noyabrın isti günəşində üfüqdə işləyən neft buruqları olmasaydı, Azərbaycanda deyil, Afrikadakı qoruq olduğunu düşünərdin.

    Şirvan Milli Parkı Azərbaycanın zərli, neft-kimya ilə zəngin paytaxtı Bakının birbaşa cənub-qərbində yerləşir və regionun ən mühüm bataqlıq ərazilərindən biridir. Göllərində flaminqolar da daxil olmaqla köçəri quşlar dayanır. Eyni zamanda bir vaxtlar tikinti və ovçuluq nəticəsində məhv olmuş ərazidə ceyranların yenidən məskunlaşdığı bir layihədir.

    XX əsrin əvvəllərində Cənubi Qafqazda 600 minə yaxın ceyran yaşayırdı. Onlar o qədər adi bir mənzərə idi ki, ceyran əti Gürcüstanın paytaxtı Tbilisinin bazarlarında satılırdı. Lakin Sovet dövründə onların çəmənliklərinin çox hissəsi buğda və üzüm üçün becərilirdi - bu bölgə imperiyanın ən məşhur şərablarından bəzilərini istehsal edirdi. Ceyranların qaldığı yerlərdə onlar az qala nəsli kəsilmək üzrə ovlanmış və 1960-cı ilə qədər cəmi 200-ü qalmışdı. 1961-ci ildə Şirvan rəsmi mühafizəyə alındı və ekoloqlar ceyranların sayını artırmaq üçün işlərə başladılar.

    WWF-nin (Vəhşi Təbiət Beynəlxalq Fondu) Azərbaycan üzrə direktoru Elşad Əsgərov “Bu ceyranların ölkəmizin folkloruna böyük təsiri var və bu gün də ona hörmətlə yanaşırlar” deyir. “Kənddə yaşayan insanlar onların geri qayıtmasını istəyir”.

    1990-cı illərdən bəri əlavə çətinliklər var.

    Qarabağın dağlıq ərazisi, Azərbaycan ərazisinin beşdə biri Sovet İttifaqının dağılması ilə başlayan müharibədə Ermənistan tərəfindən zəbt edilib. Onun çox hissəsi tərk edilmiş və sonrakı üç onillikdə ağır şəkildə minalanmış və ərazi "boz zona"ya çevrilmişdi. 2020-ci ilin payızında Azərbaycan ərazini geri almaq üçün hücuma keçdi. O vaxtdan bəri o, Qarabağın bir vaxtlar 700.000-ə yaxın etnik azərbaycanlının yaşadığı yeddi rayonunun bərpası və məskunlaşması üçün intensiv minalardan təmizləmə və inkişaf işlərinə başladı.

    Ekoloqlar bu fürsəti qiymətləndirdilər. Ayı və atlar kimi daha iri heyvanlar tez-tez minalara məruz qalsalar da, ceyranlar o qədər cəlddir ki, onlar minaya düşmürlər. Ötən il layihə Şirvanda doğulub böyüyən 33 baş ceyrandan ibarət ilk qrupunu əraziyə buraxıb.

    Elşad Əsgərov və komandası ceyranları izləmək üçün onlardan ikisinin boynuna CPS taxmışdı. Lakin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kreml hücumların qarşısını almaq üçün bütün regionda GPS sistemlərini tıxamağa başladı. Onların boynunda işləyən peyk sistemi yavaşladı, sonra isə tamamilə fəaliyyətini dayandırdı və alimlər ceyranların izini itirdilər. E.Əsgərovun sözlərinə görə, ceyranların növbəti qrupu buraxılan zaman onların üzərində başqa qurğular quraşdırılacaq, lakin vizual müşahidədən heyvanların yeni yerə məskunlaşdığı qənaətinə gəlmək olar. Son hesablamalara görə, Azərbaycanda 7000-ə yaxın ceyran yaşayır.

    Ekoloqlar bir vaxtlar zərərverici hesab edilən bəbirlərin introduksiyasında da müəyyən irəliləyişlər əldə ediblər. Onların 1970-ci illərdə yoxa çıxdıqları düşünülürdü, lakin 2002-ci ildə aparılan bir araşdırma onların izlərinin dağlarda qaldığını aşkar etdi. Beş il sonra komanda kameralar quraşdırdı və həmin ərazidə hələ də bəbirlərin yaşadığını sübut edən görüntülər əldə etdi.

    "Bu, böyük uğur idi", - Əsgərov bildirib. Bu gün onların sayı 30-a yaxındır və Azərbaycanda çoxalmağa başlayıb.

    Qafqaz pələngi vaxtilə burada və Orta Asiyada yaşayıb, lakin onun nəsli çoxdan kəsilib. Əvəzində Amur pələnginin yetişdirilməsi layihəsinə başlayan Qazaxıstan bu cütlüyün parka köçürülməsini təklif etsə də, alimlər bundan imtina ediblər.

    "Pələnglərin böyük yerə ehtiyacı var" dedi Əsgərov. - Qazaxıstanda onlar üçün yer var, amma bizdə yox".