Çingiz Mustafayevin filmi: "Heç kim və heç nə unudulmayacaq"
Xocalı faciəsinə həsr olunan bu sənədli film 31 il əvvəl çəkilib
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib.
Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Milli Qəhrəman, telereportyor Çingiz Mustafayev Xocalıdan çəkdiyi dəhşətli kadrları Ali Sovetdə nümayiş etdirdi. Bütün dünya Xocalını Çingiz Mustafayevin kadrlarından tanıdı, bildi.
Çingiz Mustafayevin 1992-ci ildə Xocalıdan çəkdiyi "Heç kim və heç nə unudulmayacaq!" sənədli filmə www.tvseans.com saytında baxa bilərsiniz.