COP29-u ədalətli həyata keçirmək niyyətindəyik
Bunu Bakıda keçirilən BMT-nin tədbirində COP29-un prezidenti Muxtar Babayev deyib
“COP29 Prezidentliyi bu gün iştirakçıları qəbul etməkdən çox məmnundur. Biz COP29-u ədalətli həyata keçirmək niyyətindəyik”.
Bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, il ərzində COP29 Prezidentliyi bütün tərəfləri dinləyib: “COP28-dən sonra 6 ay ərzində kəskin hava şəraiti ciddi zərər gətirib, fəaliyyətsizlik müşahidə olunub. Biz düşünürük ki, COP29 çərçivəsində fəaliyyəti sürətləndirəcəyik, iddiaları genişləndirəcəyik. Aldığımız müsbət ismarıcları yüksək qiymətləndiririk. Biz niyyətləri konkret nəticələrə çevirməliyik. Biz müxtəlif ölkələrdən müxtəlif təşəbbüsləri alırıq. Biz yüksək səviyyəli nazirlər toplantısında yeni hədəflər qoymuşuq. İqlim dəyişikliyi milli sərhədlər və yaxud dar maraqlara cavab vermir. Birlikdə işləməliyik. Siyasi maraqları bir kənara qoymalıyıq. Biz hər şeyi sammitə buraxa bilmərik. Eyni zamanda, bir sıra məsələlərlə bağlı əvvəlcədən razılığa gəlməliyik”.
Muxtar Babayev diqqətə çatdırıb ki, Paris sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istəyirlər: “Bu, karbon bazarlarının yaradılması ilə əlaqədar ciddi nailiyyət ortaya qoyacaq və iddiaları gücləndirəcək. İqlim dəyişikliyi ilə bağlı fəaliyyətimizi gücləndirməli, itkilərin və zərərin qarşılanması fonduna maliyyə toplamalıyıq. Müxtəlif ölkələrin müxtəlif çağırışlarını nəzərə almalıyıq. Biz Azərbaycanın növbəti töhfələr sənədi üzərində işləyirik. Bütün danışıq mövzuları ətrafında nailiyyətlər əldə etməliyik. Həmçinin danışıqlardan kənar məsələlərə dair də nailiyyətlər əldə etməliyik. COP29 bəyannaməsi də yaxın günlərdə paylanacaq. Siz Prezident İlham Əliyevin niyyətini gördünüz. Azərbaycan 140-dan çox ölkənin dəstəyini alıb. Pre-COP çox mühüm forumdur ki, bizi narahat edən bütün məsələləri qaldıraq. COP29 Prezidentliyi artıq nazirlər səviyyəsində əlaqələndirici şəxsləri təyin edib. Bu imkan verəcək ki, boşluqları aradan qaldıraq və təkamülə nail olaq. HəmçininsSiyasi təmsilçiliyi artırmalıyıq. Aidiyyəti nazirliklər COP29-a qoşulmalıdır. COP29 çərçivəsində uğur və yaxud uğursuzluq müştərək olacaq, hər birimizin oynayacağımız rol var. Biz birgə COP29-u keçirə bilərik. Birgə sərmayə yatırıb gələcəyi təmin edə bilərik”.