1966-cı il aprel ayının 26-da, səhər saat 5.23-də Daşkənddə 8-13 kilometr dərinlikdə Rixter şkalası ilə 8-9 bal gücündə zəlzələ baş verdi. 10-12 saniyə davam edən təkanlar Daşkənddə böyük dağıntılara və insan tələfatına gətirib çıxardı. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 36 min bina qismən və ya tamamilə dağılmış, 78 min ailə (300 min nəfər) evsiz-eşiksiz qalmışdı. Hadisə yerinə gələn SSRİ rəhbərliyi təcili şəkildə Daşkəndin yenidən inşa edilməsi barədə qərar qəbul etdi. Nəticədə 3,5 il ərzində şəhər yenidən inşa edildi.
Zəlzələ zamanı, rəsmi məlumatlara görə, cəmisi 8 nəfər ölmüş, 150 adam isə yaralanmışdı. Amma bu rəqəmlər inandırıcı görünmürdü. Çünki 2 milyon kvadratmetr yaşayış sahəsi, 236 rəsmi dövlət idarəetmə binası, 700 ictimai və ticarət binası, 181 təhsil ocağı, 245 sənaye müəssisəsi, 185 tibb və 36 mədəni-məişət obyekti dağılmışdı. Üstəlik, zəlzələ səhərə yaxın baş verdiyindən insan tələfatı daha böyük olmalı idi. Ona görə də baş verən zəlzələ nəticəsində cəmisi 8 nəfərin ölməsi barədəki rəsmi məlumat əsl həqiqəti əks etdirmirdi.