XƏBƏRLƏR / Təbiət

Daşkəsənə sel gəlib, bəzi kəndlərə ziyan dəyib

Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən əksər yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb

Daşkəsənə sel gəlib, bəzi kəndlərə ziyan dəyib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün axşam saat 20:00 radələrində Daşkəsənə yağan intensiv leysan yağışları qısa müddətdə güclü dağıdıcı selə və çaylarda daşqınlara səbəb olub.

    Hazırda Daşkəsən şəhərindən, rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərindən sel keçir, ərazidəki çaylar məcrasından çıxaraq daşıb.

    Rayonun yol infrastrukturuna, elektrik xətlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlarına ciddi ziyan dəyib. Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən əksər yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Bəzi yaşayış evlərinə su dolub.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi ərazi mülki müdafiə qüvvələri ilə birlikdə dəyən ziyanın aradan qaldırılması istiqamətində işləri davam etdirir.

    Günortadan sonra yağan güclü leysan yağış nəticəsində İsmayıllının Lahıc qəsəbəsindən sel keçib.

    Leysan nəticəsində gələn sel suları rayonun Qəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində də təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

    Evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları sel basıb, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb.

    Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti mümkün olmayıb. Lahıc qəsəbəsi ilə əlaqə kəsilib. Yolların təmizlənməsi üçün əraziyə ağır texnikalar cəlb olunub. Əhaliyə dəyən ziyan rayon fövqəladə hallar komissiyası tərəfindən dəqiqləşdirilir.