Deqradasiyaya uğramış torpaqların payı 40 faizə yaxınlaşır
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib
Hazırda planetdə deqradasiyaya uğramış torpaqların payı 40 faizə yaxınlaşır. Bu cür vəziyyət ərzaq istehsalını təhlükəyə atır, biomüxtəlifliyi təhdid edir və iqlim böhranını dərinləşdirir. BMT-nin Xəbərlər xidməti xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü münasibəti ilə bildirib.
“Biz torpaq olmadan yaşaya bilmirik, lakin biz onunla kir kimi davranırıq”, – deyə Antonio Quterreş vurğulayıb. – İrrasional əkinçilik səbəbindən torpaq eroziyasının sürəti təbii proseslər çərçivəsində onların bərpa sürətindən yüz dəfə çoxdur”.
BMT-nin başçısı əlavə edib ki, yaranmış vəziyyət ən çox qadınlara və qızlara təsir edir: torpaqla ehtiyatsız davranma nəticəsində onlar qeyri-proporsional yüksək dərəcədə ərzaq çatışmazlığı və su defisitindən əziyyət çəkirlər, məcburi miqrasiya ilə üzləşirlər.
“Bir çox ölkələrdə qanunlar və mövcud təcrübə qadınlara və qızlara torpağa sahib olmağa imkan vermir, – deyə Antonio Quterreş davam edib. – Eyni zamanda qadınların və qızların belə imkana malik olduğu ölkələrdə onlar torpağın məhsuldarlığını və quraqlığa dözümlülüyünü artıraraq, səhiyyə, təhsil və qidalanmaya sərmayə qoyaraq, torpağı bərpa və müdafiə edirlər”.
BMT rəhbəri dünya ölkələrinin hökumətlərini qadınlara torpağa sahib olmağa mane olan hüquqi əngəlləri aradan qaldırmağa və bu sahədə siyasətin işlənib hazırlanmasında iştiraka onları cəlb etməyə çağıraraq, qeyd edib ki, torpağa bərabər hüquqlar eyni zamanda onun qorunması və gender bərabərliyinin nail olunmasına köməklik edir. “Qadınlara və qızlara bizim ən dəyərli ehtiyatımımıza öz töhfəsini verməsinə yardım etmək lazımdır, – deyə Antonio Quterreş vurğulayıb. – Gəlin ümumi səylərlə 2030-cu ilə qədər torpaqların deqradasiyasını dayandıraq”.