Domodedovo aeroportu bağlandı
Bakı-Moskva təyyarəsi Şeremetyevo aeroportuna enib
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna enib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo hava limanına uğurla eniş edib.
Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.
Qeyd edək ki, Moskva vilayətinin Domodedovo şəhər dairəsində paytaxta doğru uçan dronun hücumu dəf edilib.
Bu barədə Moskva meri Sergey Sobyanin teleqramda bildirib.
“İlkin məlumatlara görə, qalıqların düşdüyü yerdə dağıntı və tələfat yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir”, - o, kanalında qeyd edib.
Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. Qurum əlavə edib ki, hücum 10:15 (Bakı vaxtı ilə 11:15) radələrində baş verib.
Həmin gün səhər saatlarında Domodedovoda iki, Ramenski və Stupino şəhər dairələrinin hər birində isə bir dron vurulub.