XƏBƏRLƏR / Maliyyə

Dövlət Neft Fondunun aktivləri 10 faiz artıb

Bu barədə ARDNF-dən bildirilib

Dövlət Neft Fondunun aktivləri 10 faiz artıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 15 004 milyon manat, büdcə xərcləri isə 9 634,5 milyon manat təşkil edib.

    Bu barədə ARDNF-dən bildirilib.

    Qeyd edilib ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 424,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 8 641,8 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil etmişdir.

    Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5 579,9 milyon manat təşkil edib.

    Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 9 585,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18,0 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 10,8 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 19,9 milyon manat təşkil edib.

    Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 197,6 milyon manat təşkil edib.

    Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərdə əsas töhfə səhm investisiyalarının payına düşür. İnflyasiyanın sabitləşməsi və iqtisadi artımın dayanıqlı olması fonunda dünyanın aparıcı iqtisadiyyatlarının mərkəzi bankları uçot dərəcələrini aşağı salaraq yumşaq monetar siyasətə doğru keçid etmişdirlər. Bu siyasət dəyişikliyi sabit gəlirli qiymətli kağızların dəyərinin artmasına və gəlirliliyin yüksəlməsinə səbəb olmuşdur. Yüksək borclanma xərclərinin iqtisadiyyata təzyiqinin azalması ehtimalları investorların davranışına müsbət təsir göstərmişdir ki, bu da öz növbəsində səhm bazarında canlanma ilə nəticələnmiş və əsas səhm indekslərində artımlar müşahidə olunmuşdur. Bu, xüsusilə texnologiya və istehlak malları kimi sektorlar üçün faydalı olub.

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il sentyabr ayının 30-na aktivləri 2024-cü ilin əvvəlinə nisbətən 10% artaraq 61 697,6 milyon ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, ARDNF-nin ilin əvvəlinə aktivləri 56 069,7 milyon ABŞ dolları idi.