Dünyada dillərə maraqla bağlı yeni hesabat
Xarici dillərin öyrənilməsi tendensiyasına dair araşdırma
Ukraynada davam edən müharibə səbəbindən 2023-cü ildə bütün dünyada rus dilinə maraq azalıb. İndi daha çox insan Ukrayna dilini öyrənir.
DW telekanalı xarici dillərin öyrənilməsi tendensiyasını araşdırıb. Təhsil kursları, o cümlədən xarici dillərin öyrənilməsi üzrə ixtisaslaşan dünyanın ən populyar mobil tətbiqlərindən biri olan “Duolingo”nun illik hesabatı qlobal miqyasda milyonlarla istifadəçinin məlumatlarına əsaslanır və dillərin necə yayılması, onlara münasibətin dəyişməsi ilə bağlı unikal informasiya təqdim edir.
“Duolingo Language Report 2023”də bu tətbiq üzərindən 2022-ci il oktyabrın 1-dən 2023-cü il sentyabrın 30-dək dilləri öyrənən istifadəçilərin məlumatları yer alıb. Bu hesabata 13 yaşına qədər olan uşaqlar daxil edilməyib.
İngilis dilinin dünyada ən populyar dil olaraq qalması heç kimi təəccübləndirməyib. Bu dil cari ildə də dünyanın 122 ölkəsində birinci yeri tutub. Qlobal miqyasda ən çox öyrənilən dillərin reytinqi belədir: ingiliscənin ardından ispan, fransız, alman, yapon, Koreya, italyan, hindi, Çin və Portuqaliya dilləri gəlir.
Hesabata bu il ilk dəfə Əfqanıstan, Maldivlər və Malta da daxil edilib. Dünyanın bir çox yerlərində ingilis dili iqtisadi və akademik informasiya mübadiləsi baxımından əhəmiyyətlidir. Asiya ölkələrində təhsil müəssisələri arasında bu dilə xüsusilə böyük maraq vardır.
2015-ci ildə “Duolingo” üzrə ilk rus dili kursu açılandan bəri bu dil müntəzəm olaraq ilk 10-luqda yer alırdı. Lakin bu il u portuqal dili onu 11-ci yerə sıxışdırıb.
Ekspertlərin fikrincə, bu fakt iki mühüm mədəni dəyişikliyi əks etdirir: Ukraynadakı müharibə ilə əlaqədar rus dilinə marağın azalması və xüsusilə turistlər arasında Braziliya və Portuqaliyaya marağın artması. Portuqal dili Braziliyanın qonşuları arasında da populyardır, Boliviya, Paraqvay, Uruqvay və Venesuelada xarici dillər arasında ikinci yeri tutur. Paraqvay və Uruqvayda Portuqal dilini öyrənməyə maraq dünyada ən yüksəkdir: orada hər beş nəfərdən biri bu dili öyrənir.
Ukraynadakı müharibə Ukrayna dilinə marağın artmasına təsir edir. Dünyadakı insanların 37 faizi ukraynalılarla həmrəylik nümayiş etdirmək və onlarla ünsiyyət qurmaq fürsəti kimi bu dili öyrənir (“Duolingo” bloqunda məlumatlara görə). 2023-cü ildə Ukrayna dilinin ən çox öyrənildiyi ölkələr ABŞ, Böyük Britaniya, Polşa, Rusiya və Ukraynanın özü olub. Avstraliyalılar Ukrayna dilini ən ardıcıl öyrənənlər sayılıb, onlardan sonra Kanada və Finlandiya vətəndaşları gəlir.
Keçən il 3 və ya daha çox dil öyrənən istifadəçilərin sayının ən çox olduğu ölkələr Finlandiya və Böyük Britaniya olub. Lakin bu il almanlar ingilisləri ikinci pillədən üçüncü yerə düşürüb. Üçdən çox dil öyrənən insanların sayına görə ilk üç ölkə bunlardır: Finlandiya, Almaniya, Böyük Britaniya.
“Duolingo” məlumat toplamağa və illik hesabatlar dərc etməyə başlayandan bəri ilk dəfə İsveç dili onun tətbiqi vasitəsilə İsveçin özündə ən çox öyrənilən dil olmayıb. Bu ölkə hesabatda birinci yeri ispanlara uduzub. Eyni şey Danimarka dili ilə bağlı da baş verib. Əgər əvvəlki illərdə Danimarkanın özündə bu dil ikinci yerdə idisə, 2023-cü ildə burada daha çox öyrənilən ən populyar dillər ispanca və almanca olub.